BAKI,VOA Analitik Təhlil Mərkəzi
Müharibə müvəqqəti dayanıb, lakin “İranın ərəb ölkələrinə hücumunun qarşısının necə almaq olar” sualı ətrafındakı müzakirələr daha da güclənir. Artıq bölgədə ənənəvi çəkindirmə metodları öz qüvvəsini itirib. Bu, sadəcə nəzəri bir qeyd deyil; sürətlənən regional proseslər göstərir ki, Fars körfəzi yeni mərhələyə qədəm qoyub. İndi təkcə hərbi güc təhdidlərin qarşısını almaq üçün kifayət etmir, müharibədən qaçmaq isə hələ sabitlik demək deyil. Pakistanın vasitəçiliyi ilə əldə olunmuş iki həftəlik atəşkəs regional münaqişədə mühüm dönüş nöqtəsidir. Lakin bu, körfəz ölkələrinin təhlükəsizlik sistemində yeni alətlər və yollar axtarmasını zəruri edir. Bu gün şahidi olduğumuz proses "hərəkətin qarşısını almaq" məntiqindən, böhranların davamlı eskalasiya (gərginliyin artması) fonunda idarə edilməsi reallığına keçiddir.
Yeni mühit - İranın elastik təhdid strategiyası
Bu yeni mühitdə əsas sual budur: Körfəz ölkələri İranı və ya digər gücləri necə çəkindirə bilər ki, eskalasiya qarşı tərəf üçün faydasız bir seçimə çevrilsin?
Problemin kökü təhdidin mahiyyətinin dəyişməsindədir. İranın davranışı artıq birbaşa hərbi toqquşmaya yox, daha elastik və mürəkkəb bir modelə əsaslanır: hesablanmış zərbələr, məhdud hərbi mesajlar, proksi (vəkil) qüvvələrdən istifadə və kritik iqtisadi infrastrukturun hədəf seçilməsi. Bu strategiya Tehranın tammiqyaslı müharibəyə girmədən strateji təzyiq yaratmasına imkan verir. İran müharibəyə deyil, körfəz ölkələrinin iqtisadi və siyasi resurslarını tükəndirməyə mərc edir.
İranın bu strategiyası iki əsas fərziyyəyə əsaslanır:
1.Siyasi və iqtisadi nəticə verən məhdud zərbələr endirmək mümkündür.
2.Regional vəkil qüvvələr şəbəkəsi vasitəsilə körfəzi davamlı təzyiq altında saxlamaq olar.
Effektiv bir körfəz strategiyası bu iki fərziyyəni sındırmalıdır. İlk növbədə, "məhdud zərbənin" strateji dəyəri yox edilməlidir. Kritik obyektlər hücumlara qarşı daha dözümlü olduqda, təchizat zənciri şaxələndirildikdə və hücumlar ölkənin iqtisadi-siyasi qərarlarına təsir etmədikdə, eskalasiyanın mənası itir. Burada əsas element təkcə güc deyil, həm də çeviklik və bərpa qabiliyyətidir.
Qeyri-müəyyənlik faktoru: Proqnozlaşdırıla bilməyən cavab
İranın hesablanmış eskalasiyasını mümkün edən əsas amil körfəz ölkələrinin reaksiyasının proqnozlaşdırıla bilən olmasıdır. Tehran inanır ki, körfəz ölkələri müharibə istəmədiyi üçün cavab zərbələri müəyyən hədlər daxilində qalacaq.
Körfəz ölkələri bu proqnoz qabiliyyətini bitirməlidir. Cavab tədbirləri asimmetrik, anında olmayan və qabaqcadan ölçülə bilməyən modeldə qurulmalıdır:
Zamanın ayrılması: Cavab mütləq hücumdan dərhal sonra baş verməməlidir. Bu, İranın "cavab gəlmədi" rahatlığını əlindən alacaq və qərarın maliyyətini artıracaq.
Təsir sahələrinin şaxələndirilməsi: Cavab yalnız hərbi sahədə deyil eyni zamanda siyasi olmalıdır.
İqtisadi alətlər: Enerji marşrutlarının və investisiyaların İranın dolayı fayda götürdüyü sahələrdən uzaqlaşdırılması vasitəsilə Tehranın iqtisadi təcridi dərinləşdirilməlidir.
Vəkil qüvvələrin "aktivdən" "yükə" çevrilməsi
İranın proksi şəbəkəsi körfəzi daimi istismar vəziyyətində saxlayır. Hər bir vəkil qüvvə ilə ayrı-ayrılıqda mübarizə aparmaq resursları tükədir və İrana üstünlük verir. Bu şəbəkəni sındırmaq üçün:
Koordinasiya: Körfəz ölkələri arasında bir dövlətə edilən hücumun bütün sistemə edilmiş sayılması barədə ortaq anlayış olmalıdır.
Mənbələrin qurudulması: Vəkil qüvvələrin manevr imkanları daraldılmalı, onların şəbəkələri iflic edilməlidir.
Məsuliyyətin bərpası: İranın proksilər vasitəsilə "inkar etmə" imkanı əlindən alınmalıdır. Vəkil qüvvələrin hər bir hərəkətinin siyasi məsuliyyəti birbaşa İranın üzərinə qoyulmalı və beynəlxalq müstəvidə bu əlaqə bərkidilməlidir.
Müharibə sonrası dövrdə təhlükəsizlik hücumların olmaması ilə deyil, dövlətin bu hücumları udmaq və təsirini minimuma endirmək qabiliyyəti ilə ölçülür. Əgər bir zərbə iqtisadiyyatı çökdürə və ya siyasi iradəni sarsıda bilmirsə, o öz funksiyasını itirir.
Körfəzin məqsədi eskalasiyanı tamamilə yox etmək deyil, onu səmərəsiz etməkdir. Bu isə çeviklik, qeyri-müəyyənlik, koordinasiya və şokları udma qabiliyyətinin vəhdətini tələb edir. Eskalasiya daha baha başa gəldikdə və vəkil qüvvələr strateji aktivdən siyasi yükə çevrildikdə, İran yeni və daha çətin bir reallıqla üzləşəcək.