BAKI,VOA Orxan Qədirzadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS-ın yeni rəhbəri Xəlil əl-Həyyə ilə görüş keçirib.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, Fidan görüş zamanı Xəlil əl-Həyyəni yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Qəzza zolağı və İordan çayının qərb sahilindəki son vəziyyət müzakirə olunub. Xəlil əl-Həyyə bölgədəki humanitar və təhlükəsizlik vəziyyəti, eləcə də Fələstində daxili barışıq prosesi barədə məlumat verib.
O, İsrail hökumətinin yaşayış məntəqələrinin genişləndirilməsi siyasətini davam etdirdiyini və Qüdsdə müqəddəs məkanlara qarşı hücumların artdığını iddia edib.
HƏMAS rəhbəri, həmçinin, hərəkatın sülh danışıqlarında konstruktiv mövqe tutmağa davam etdiyini bildirib.
Hakan Fidan isə Türkiyənin Fələstin xalqının hüquqlarını beynəlxalq platformalarda dəstəkləməkdə davam edəcəyini vurğulayıb.
Nazir qeyd edib ki, Ankara Qəzza zolağı və İordan çayının qərb sahilində baş verən hadisələrin beynəlxalq ictimaiyyətin gündəmində saxlanılması, eləcə də Qəzzaya humanitar yardımın çatdırılması istiqamətində səylərini davam etdirəcək.
Fidan əlavə edib ki, Türkiyə Qəzzada sülh prosesini dəstəkləmək niyyətindədir və bu istiqamətdə aparılan diplomatik səyləri davam etdirəcək.
Görüş zamanı tərəflər regional gündəmdə olan digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.