BAKI,VOA Orxan Qədirzadə
Türkiyədə Gələcək Partiyasının fəaliyyətini dayandırması və partiyanın sədri Əhməd Davudoğlunun aktiv siyasətdən çəkildiyini açıqlamasından sonra partiya üzvlərinin hansı siyasi qüvvələrə qoşulacağı ilə bağlı müzakirələr başlayıb.
Türkiyə mətbuatında yer alan məlumatlara görə, siyasi şərhçilər həm Davudoğlunun gələcək fəaliyyəti, həm də Gələcək Partiyasını təmsil edən millət vəkillərinin mümkün siyasi seçimləri ilə bağlı müxtəlif ehtimallar irəli sürürlər.
Ekspertlərin qiymətləndirməsinə əsasən, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti olacağı təqdirdə Əhməd Davudoğlunun yenidən Ədalət və İnkişaf Partiyasına (AK Parti) qayıtması mümkün variantlardan biri hesab edilir. Bununla yanaşı, AK Parti daxilində bu məsələyə fərqli yanaşmaların olduğu bildirilir.
Siyasi müşahidəçilər Gələcək Partiyasının millət vəkillərinin müxtəlif siyasi partiyalara keçə biləcəyini də qeyd edirlər.
İddialara görə, Mustafa Bilicinin AK Partiyaya qoşulacağı gözlənilir.
Sema Silkin Ünün isə əsas ehtimal kimi Yenidən Rifah Partiyasına keçəcəyi bildirilir. Bununla yanaşı, AK Partiyadan təklif alacağı təqdirdə həmin partiyanı seçə biləcəyi də iddia olunur.
Selçuk Özdağın İYİ Partiyaya keçə biləcəyi, bununla yanaşı yekun qərardan əvvəl Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşla görüş keçirəcəyi və yeni yaradılması mümkün siyasi partiyalardan gələcək təklifləri də qiymətləndirəcəyi irəli sürülür.
Kani Torunun isə ilk növbədə AK Partiyadan təklif gözlədiyi, belə bir təklif olmadığı halda Xalqların Bərabərlik və Demokratiya Partiyasına (DEM Parti) keçə biləcəyi barədə iddialar səsləndirilir.
Rəsmi olaraq millət vəkillərinin gələcək siyasi mənsubiyyəti ilə bağlı hələlik hər hansı açıqlama verilməyib.