#Qəzzanın işğalı

İsrail ordusunun bu səhərdən etibarən Qəzza zolağının şimalındakı Qəzza şəhərinin müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlarda 16 fələstinli həyatını itirib. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin müxtəlif yerlərindəki evlərə və köçkünlərin yerləşdiyi çadırlara hücum edib. Qəzza şəhərinin mərkəz hissəsində yerləşən Dərəc məhəlləsində bir evin İsrail qırıcıları tərəfindən hədəf alınması nəticəsində 3 nəfər həyatını itirib, 7 nəfər yaralanıb. Şəhərin cənub-qərbindəki Rimal məhəlləsində yerləşən İslam Universitetinin ərazisindəki köçkünlərin yaşadığı çadır İsrail ordusunun hədəfi olub. Hücum nəticəsində 3 nəfər həyatını itirib.

İsrail ordusunun sözçüsü, briqada generalı İvi Dibrin (Evy Dibrin) cümə axşamı açıqlamasında bildirib ki, ordunun hazırda Qəzza şəhərinin təxminən 40 faizinə nəzarət edir. O, yaxın günlərdə əməliyyatların daha da genişlənəcəyini və intensivləşəcəyini vurğulayıb. Məqsəd şəhərə tam nəzarəti ələ almaq və HƏMAS-ı hərbi cəhətdən zəiflətməkdir. Ötən həftə İsrail Qəzza şəhərini rəsmi olaraq “döyüş bölgəsi” elan edib. Şəhərin bəzi hissələri “qırmızı zona” kimi tanınıb və yerli əhalidən təxliyə olunmaları tələb edilib. İsrail mətbuatının yazdığına görə, 200 minə yaxın fələstinlinin evlərini tərk etməkdən imtina edəcəyi gözlənilir.

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 20 fələstinli həyatını itirib. Ölənlər arasında qadınlar və uşaqlar da var. Xəstəxana mənbələri və şahidlərinin məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin şimalı ilə yanaşı, cənub, mərkəz və digər bölgələrdəki yaşayış evlərini, aşevlərini, çadırları və yardım gözləyən insanları hədəf alıb. Qəzza şəhərinin cənubunda yerləşən Tel əl-Heva məhəlləsindəki Əbu Mazin döngəsi yaxınlığında məcburi köçkünlərin yaşadığı çadırlara edilən hücum nəticəsində 3-ü uşaq, 1-i qadın olmaqla 5 nəfər həlak olub. Saldırının ardından çadırda yanğın baş verib.

İsraildə minlərlə etirazçı Baş nazir Benyamin Netanyahunun Qərbi Qüdsdəki iqamətgahı qarşısında toplanaraq, hökumətdən Qəzza zolağında dərhal atəşkəsə getməyi və əsir mübadiləsi razılaşmasını imzalamağı tələb edib. Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli əsir Nimrod Cohenin anası Viki Cohen, aksiyada etdiyi çıxışında Netanyahudan, əsirlərlə həmrəyliyi simvolizə edən sarı lent rəmzini yaxasından çıxarmağı tələb edib. “Netanyahu, bizimlə olduğunu söyləməyi dayandır. Əgər həqiqətən bizimlə olsaydın və bizi önəmsəsəydin, bu gün oğlum evdə olardı,” – deyə Cohen bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu "kafir" adlandırıb. Ərdoğan bu ifadəni Beştepe Mədəniyyət Mərkəzində çıxışı zamanı səsləndirib. “Biz dünyadakı bütün müsəlmanlara dərin məhəbbət bəsləyirik. Bu səbəbdən Fələstində baş verənlərə və Netanyahu adlanan kafirin zülmünə əsla biganə qala bilmərik” – deyə, Türkiyə prezidenti vurğulayıb.

İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzzada aclıqdan ölənlərin sayı son 24 saatda 6 nəfər artaraq 131-i uşaq olmaqla 367-yə çatıb. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb. Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 367 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır. Beynəlxalq ictimaiyyətin diqqətini çəkən bu vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) tərəfindən yayımlanan son hesabatda, 15 avqust 2025 tarixindən etibarən Qəzzada aclığın ən yüksək – fəlakət səviyyəsi olan 5-ci mərhələyə çatdığı sübutlarla təsdiqlənib.

Fələstin Prezidenti Mahmud Abbas İsrailin məqsədinin “Fələstini tamamilə məhv etmək” olduğunu bildirib. Mahmud Abbas xatırladıb ki, Oslo sazişi fələstinlilərin vətənə dönüşünə imkan yaratdı və “heç bir güzəşt verilmədi”. Onun sözlərinə görə, Netanyahu sazişi dondurmaq istəsə də, bu, ikitərəfli müqavilədir və birtərəfli ləğv edilə bilməz.

İsrailin davam edən hücumları və mühasirəsi səbəbindən dərin humanitar böhran yaşanan Qəzza zolağında aclıq səbəbilə ölüm halları artır. Son 24 saat ərzində 3-ü uşaq olmaqla 13 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirib. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb. Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 361 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır.

Belçika federal hökuməti İsrailə qarşı sanksiyalar tətbiq etmək və Fələstin dövlətini tanımaq barədə fövqəladə kabinet iclasında qərar qəbul edib. Baş nazirin müavini və xarici işlər naziri Maksim Prevotun sözçüsü Laurens Soenen-in Anadolu Agentliyinin müxbiri ilə paylaşdığı razılaşma mətnində, xüsusilə Qəzza zolağında yaşanan humanitar faciəyə və İsrailin beynəlxalq hüquqa zidd hərəkətlərinə diqqət çəkilib. Açıqlamada qeyd olunub ki, humanitar yardım ən prioritet məsələ olaraq qalacaq. Xarici İşlər və Müdafiə Nazirlikləri Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün fəaliyyətlərini davam etdirir. “Cerulean Skies 2” kimi hava yardımı əməliyyatlarının təkrarlanması da gündəmdədir.

İsrail ordusu, Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərindəki Aksa Şəhidləri Xəstəxanasını 7 oktyabr 2023-cü ildən bu yana artıq 14-cü dəfə hədəfə aldığı bildirilib. Qəzzadakı Hökumətin Media Ofisinin yaydığı açıqlamaya görə, İsrailə məxsus döyüş təyyarələri Aksa Şəhidləri Xəstəxanasının ətrafındakı divar içərisində yerləşən və məcburi köçkün fələstinlilərin sığındığı çadırlara və yaxınlıqdakı poliklinikalara hava zərbələri endirib. Açıqlamada, daha öncə 13 dəfə hədəf alınan xəstəxananın bu hücumla birlikdə İsrail ordusu tərəfindən 14-cü dəfə vurulduğu vurğulanıb.

İsrail ordusunun bu səhər saatlarında Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava hücumları nəticəsində, aralarında uşaqlar və məcburi köçkün fələstinlilərin də olduğu 19 nəfər həlak olub. Xəstəxana mənbələrinin və hadisə şahidlərinin verdiyi məlumata görə, Qəzza şəhərinin qərbində yerləşən Şati Qaçqınlar Düşərgəsi ətrafında bir evə hava hücumu təşkil olunub. Hücum nəticəsində hamilə qadın, iki uşaq daxil olmaqla 3 nəfər həlak olub. Şati düşərgəsində məcburi köçkünlərin yaşadığı bir çadır da bombalanıb, nəticədə 1 fələstinli həyatını itirib. Eyni düşərgənin Kavka döngəsi yaxınlığında yerləşən bir evə edilən hava hücumunda isə çox sayda fələstinli yaralanıb.