#Qəzzanın işğalı

Türkiyə Qəzza əhalisinin yanındadır. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında səsləndirib. "Türkiyə, İsrailin baş naziri Benyamin Netanyahunun hökumətinin tamamilə nəzarəti itirdiyi bu çətin günlərdə, bütün imkanları ilə Qəzza əhalisinin yanındadır" – deyə, Ərdoğan bildirib.

İsrailin Qəzzada mülki əhaliyə qarşı hücumları beynəlxalq ictimaiyyətdə sərt reaksiyalara səbəb olarkən, bir çox Qərb ölkəsi Fələstin dövlətini tanımayacaqlarını açıqlamışdı. Lakin Yunanıstan Baş naziri Kiryakos Miçotakis Selanikdə keçirilən 89-cu Beynəlxalq Sərgi çərçivəsində verdiyi açıqlama ilə diqqət çəkib. AzerVoice xəbər verir ki, Miçotakis Yunanıstanın Fələstin dövlətini tanıyacağını vurğulayaraq bildirib. “Buradakı əsas məsələ nə vaxt, hansı şəkildə və hansı zamanlamanı düzgün seçəcəyimizdir.”-deyə o qeyd edib. Baş nazir əlavə edib ki, nihai məqsəd iki dövlətli həll modelidir.

İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə – şimal, cənub və mərkəz hissələrinə yönəlik hücumlar həyata keçirib. Xəstəxana mənbələri və görən şahidlərin verdiyi məlumata görə, hücumlarda ümumilikdə 25 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb. Qəzzə şəhərinin şimal-qərbində yerləşən Şeyx Rıdvan məhəlləsində, Əhməd Yasin küçəsindəki iki yaşayış evinə endirilən hava zərbəsində 3 fələstinli ölüb, bir çoxu isə yaralanıb. Tammus qovşağı yaxınlığında yerindən edilmiş insanların sığındığı çadırın pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alınması nəticəsində daha 3 nəfər həyatını itirib.

İsrailin hücumları və blokadası nəticəsində aclığın hökm sürdüyü Qəzza zolağında son 24 saatda 2-si uşaq olmaqla daha 6 fələstinli aclıqdan həyatını itirib. Qəzzədəki Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, aclıq səbəbilə həyatını itirənlərlə bağlı son məlumatlar paylaşılıb. Açıqlamaya görə, son 24 saat ərzində 2-si uşaq olmaqla daha 6 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbilə vəfat edib. Bununla da, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında aclıqdan həyatını itirənlərin sayı 140-ı uşaq olmaqla 393-ə yüksəlib.

İsrail ordusunun Qəzzaya son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 87 fələstinli həlak olub, 409 nəfər isə yaralanıb. Səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin müxtəlif ərazilərində insanları, evləri, çadırları və sığınacaqları hədəfə alıb. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr şəhərin mərkəzində yerləşən Əl-Yermuk Stadionu yaxınlığında məcburi köçkünlərin sığındığı Əl-Farabi Məktəbini vurub. Hücum nəticəsində 8 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Vaşinqton ilə HƏMAS arasında diplomatik təmaslar yenidən başlayıb. Lakin ABŞ administrasiyası İsrailin Qəzzadakı hərbi əməliyyatlarını dayandırmağı planlaşdırmır. Bu barədə “Israel Hayom” qəzeti məlumat yayıb. Məlumatda qeyd olunur ki, danışıqların bərpası Misir və Qətərin vasitəçilik cəhdlərinin müharibəni dayandıracaq bir formula gətirə bilməməsindən sonra mümkün olub.

7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına davam edən hücumlarında həyatını itirənlərin sayı 64 min 368-ə çatdı. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumlarında son 24 saatda baş verən can itkiləri və yaralanmalara dair məlumatlar paylaşılıb. Bildirilib ki, son bir sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 68 meyit və 362 yaralı gətirilib. İsrail ordusunun 19 yanvar tarixində əldə edilən atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda ümumilikdə 11 min 828 fələstinli həyatını itirib, 50 min 326 nəfər isə yaralanıb.

“Telegraph” qəzetinin yazdığına görə, Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasında Qəzza müharibəsi fonunda İsrail baş naziri Benyamin Netanyahunun dəstəklənməsi məsələsi ciddi mübahisələr yaradıb. Məlumata görə, Tramp və vitse-prezident Cey Di Vensin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonda keçirilən Milli Mühafizəkar Hərəkatın illik toplantısında bayram əhvali-ruhiyyəsi gözlənilsə də, İsrail siyasəti barədə fikir ayrılığı tədbirə damğa vurub. Mühafizəkar çevrələrin bir qismi İsrailin Qəzzadakı müharibəsini dəstəkləməyin siyasi yükə çevrildiyini bildirir. “The American Conservative” jurnalının direktoru Kurt Mills konfransda çıxış edərək qeyd edib: “Tramp hərəkatı ideoloji baxımdan həqiqətən bütöv olmaq istəyirsə, istisna edə bilməyəcəyi ölkə İsraildir”.

Misirin Xarici İşlər Naziri Bədr Abdulati, Qəzza zolağındakı aclığın İsraildən qaynaqlandığını bildirərək, Tel-Əvivə ABŞ-ın Orta Şərq üzrə nümayəndəsi Stiven Uitkoffun atəşkəs təklifini – hansı ki Həmas da qəbul edib – qəbul etməsi çağırışını edib. Nazir Abdulati, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinin (UNRWA) Baş Komissarı Filip Lazzarini ilə Misirin paytaxtı Qahirədə mətbuat konfransı keçirib.

BMT-nin İnsan Hüquqları Ofisinin sözçüsü Ravina Şamdasani, ötən il İsrail əsgərləri tərəfindən hədəfə alınaraq öldürülən türk aktivist Ayşənur Ezgi Eygi ilə bağlı “Təəssüf ki, bu, İsrail rəsmilərinin istintaq başlatdığı nadir hallardan biri olsa da, hələ də nəticəsini görə bilməmişik” deyə bildirib. BMT İnsan Hüquqları Ofisinin sözçüsü Ravina Şamdasani, 6 sentyabr 2024-cü ildə Türk-Amerika vətəndaşı Eygi-nin işğal altındakı İordan çayının Qərb sahilində İsrail əsgərləri tərəfindən başından vurularaq öldürülməsi və Qəzzədə çalışan jurnalist, insan hüquqları müdafiəçiləri və yardım işçilərinin hədəf alınması ilə bağlı Anadolu Agentliyinin suallarını cavablandırıb.

Yaponiya İsrailin bölgədə sülh prosesinin yenidən başlanmasına mane olacaq bütün hərəkətləri dərhal dayandırmalı olduğunu bildirib. Tokio hökumətindən verilən açıqlamaya görə, Yaponiyanın xarici işlər naziri İvaya Takeşi İsrailin xarici işlər naziri Gideon Saar ilə telefon danışığı aparıb. 35 dəqiqə davam edən görüş zamanı İvaya İsrailin hərbi əməliyyatlarının bölgədə çoxsaylı mülki itkilərə və aclıq da daxil olmaqla getdikcə pisləşən humanitar vəziyyətə yol açdığını bildirib. “Bu vəziyyət tamamilə qəbuledilməzdir,” – deyə İvaya qeyd edib və Təl-Əviv hökumətini Qəzzadakı humanitar böhranı dərhal aradan qaldırmaq üçün konkret addımlar atmağa çağırıb.