#İran-ABŞ münasibətləri

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Vaşinqton öz “tamahkar və təkəbbürlü siyasətindən” imtina etmədikcə Tehran ABŞ-la danışıqlara qayıtmayacaq. Rəsmi İSNA agentliyinin xəbərinə görə, Əraqçi jurnalistlərə açıqlamasında bildirib ki, “ABŞ-lı tərəflə əvvəlki dövrlərdə aparılan danışıqlar, o cümlədən Nyu-Yorkda baş tutan görüşlər, Vaşinqtonun həddindən artıq tələbləri və qeyri-real iddiaları səbəbindən dayandırılıb”.

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuela sahilləri yaxınlığında artan hərbi fəaliyyətlərini beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-ın bölgədəki hərbi addımları, o cümlədən balıqçı gəmilərinə təkrar hücumlar və Venesuelaya qarşı güc tətbiqi ilə hədələmələr, beynəlxalq münasibətlərdə zor tətbiq etməmək prinsipinə ziddir.

İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh çağırışını riyakarlıq adlandıraraq, bu bəyanatın Vaşinqtonun regionda və İrana qarşı təcavüzkar hərəkətləri ilə ziddiyyət təşkil etdiyini bildirib. Nazirliyin çərşənbə axşamı yaydığı bəyanatda qeyd olunur ki, “Trampın sülh və dialoq istəyi, ABŞ-ın İran xalqına qarşı həyata keçirdiyi aqressiv və cinayətkar siyasətlə uyğun gəlmir”.

ABŞ tərəfindən tətbiq edilən son sanksiyalar paketi İraq siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Xüsusilə “Həşd əş-Şaabi” Təşkilatının iqtisadi qolu sayılan “əl-Mühəndis” Dövlət Şirkətinin sanksiya siyahısına salınması, ölkənin əsas şiə siyasi güclərindən biri olan Koordinasiya Çərçivəsi qüvvələrinin ciddi narazılığına gətirib çıxarıb. Bu qüvvələr Vaşinqtonun addımını İraqın suverenliyinə və milli institutlarına birbaşa müdaxilə kimi qiymətləndirirlər.

İranın xarici işlər naziri Abbas Əraqçi Nyu-York səfərindən sonra verdiyi açıqlamada bildirib ki, ABŞ-la həm birbaşa, həm də dolayı mesaj mübadiləsi aparılsa da, proses danışıqların faydasız olduğunu ortaya qoyub. Əraqçi Nyu-Yorkda keçirdiyi intensiv həftəni dəyərləndirərək bildirib ki, səfər zamanı 31-dən çox ikitərəfli görüş keçirib, yüksək səviyyəli çoxtərəfli toplantılarda iştirak edib və İranın mövqelərini müdafiə edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini general Əli Fədəvi bəyan edib ki, ölkənin Silahlı Qüvvələri hər cür təhdidə qarşı tam hazırlıq vəziyyətindədir və düşməni məğlub etmək gücünə malikdir. Məşhəddə keçirilən tədbirdə çıxış edən Fədəvi, İran ordusunun təcrübəli və peşəkar olduğunu vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, BMT Baş Assambleyası üçün Nyu-Yorka gələn iranlı diplomatlara qarşı ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərə etiraz edib. ,İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial media hesabında paylaşım edərək bildirib ki, ABŞ hökumətinin Nyu-Yorkda olan iranlı diplomatlara və onların himayəsində olan şəxslərə qarşı tətbiq etdiyi artan məhdudiyyətlərin əsas məqsədi, İranın Birləşmiş Millətlər Təşkilatındakı diplomatik fəaliyyətini pozmaqdır.

İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani, ABŞ-ın İranın raket proqramı ilə bağlı irəli sürdüyü şərtlərin nüvə danışıqlarını mənfi təsirə məruz qoyduğunu bildirib. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Laricani İran Ticarət və Sənaye Palatasında çıxışı zamanı Qərblə aparılan nüvə danışıqlarında irəliləyişin olmamasına dair açıqlamalar verib. O bildirib ki, ABŞ danışıqlarda İranın raketlərinin uçuş məsafəsinin 500 kilometrdən aşağı salınmasını tələb edir.

İran Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 2022-ci ilin sentyabrında baş verən iğtişaşların ildönümü ilə bağlı açıqlamasına sərt reaksiya verib. Rəsmi Tehran Vaşinqtonun bəyanatını “ikiüzlü, saxta və təhqiramiz” adlandıraraq, ABŞ-ı İranın daxili işlərinə qarşı “aqressiv və cinayətkar müdaxilə” həyata keçirməkdə ittiham edib.