ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərə təkrar hücum etməyəcəyini söyləyib. Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən İsrailin Qətərə endirdiyi hava hücumu ilə bağlı danışıb. Qətərin "çox yaxşı bir müttəfiq olduğunu və bir çox insanın bunun fərqində olmadığını" deyən Tramp, İsrail Baş naziri Benyamin Netanyahunun Qətərə yenidən hücum etməyəcəyini bildirib. Tramp, İsrailin HƏMAS-a qarşı başqa tədbirlərə əl atacağını vurğulayaraq, “Netanyahunun Qətəri vurmayacağını, bəlkə də onların (HƏMAS-ın) ardınca gedəcəyini” ifadə edib.
#Qətər
15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxış edib. Çıxışda Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğu bildirilib, Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub. Beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalaraq gərginliyin daha da dərinləşməməsinə çağırış edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətərdə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Birgə Fövqəladə Zirvəsində çıxış edib. O, həmçinin İsrailin Qətərə təşkil etdiyi hücumlarda həyatını itirən fələstinli və qətərlilərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
İran prezidenti Məsud Pezeşkian bazar ertəsi Dohada keçiriləcək fövqəladə sammitdən əvvəl çıxış edərək İslam ölkələrini İsraillə münasibətləri kəsməyə çağırıb. Pezeşkian bildirib ki, İsrail “heç bir hüquqi çərçivəni tanımır, qanunlara hörmət etmir” və İslam ölkələri birlik və həmrəyliyi qorumaq üçün bu “saxta rejimlə” əlaqələrini kəsə bilərlər. Dohada keçirilən fövqəladə ərəb-islam sammiti öncəsi danışan İran lideri ümid etdiyini bildirib ki, görüş İsrailə qarşı praktik addımlar barədə nəticə verəcək. O əlavə edib ki, “sionist rejim” yalnız Fələstində deyil, bir sıra İslam ölkələrinə qarşı da təcavüzkar hərəkətlər edib.
Tramp tez-tez dünyanın diqqətini çəkən təxribatçı açıqlamalar verməyi sevir. Məsələn, ABŞ-ın Qəzza zolağına tam nəzarət edəcəyi və orada “Qəzza Rivyerası” adlı cazibədar bölgə quracağı fikri kimi. Digər tərəfdən isə o, çox vaxt nümayişkaranə addımlar atır: iyun ayında İrana qarşı həyata keçirilən qəfil hücum və ya bu ay Venesuelalı narkotik tacirlərinə qarşı təşkil edilən əməliyyat kimi. Lakin bu addımları strateji nəticələr doğuran ardıcıl siyasət kimi qəbul etmək düzgün olmaz.
İranın xarici işlər naziri Abbas Əraqçi Dohada İraq və Livanlı həmkarları ilə görüşərək bölgədə təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayıb. Əraqçi bazar günü Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət başçılarının fövqəladə sammitinə hazırlıq məqsədilə keçirilən nazirlər görüşünün kənarında İraqın xarici işlər naziri Fuad Hüseynlə regional vəziyyəti müzakirə edib.
Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatı–Ərəb Liqası Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün Qətərə gedir. Prezident Ərdoğan İsrailin qətliam xarakterli hücumlarının dayandırılması ilə bağlı mesajlarını paytaxt Dohada keçiriləcək zirvə toplantısında verəcək. Türkiyə Prezidenti Ərdoğan Qətərə yola düşəcək. İsrail təxminən 2 ildir Qəzzanı qan içində qoyur. Region ölkələri İsrailin sərhəd tanımayan hücumlarından narahatdır.
İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani tərəfindən “İsrailə qarşı ərəb–islam ittifaqı qurmaq” çağırışı, İsrailin müxtəlif istiqamətlərdə davam edən hücumlarının yaratdığı böyük təhlükələr fonunda, o cümlədən Qətərin paytaxtı Dohanın hədəfə alınması səbəbilə, iraqlılar arasında müsbət əks-səda doğurub. Sudani televiziya açıqlamalarında “İsrailin Qətəri hədəf almasının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu” bildirib, “İsrailə qarşı siyasi, təhlükəsizlik və iqtisadi islam ittifaqı qurmağın vacibliyini” vurğulayıb.
HƏMAS-ın əlində saxlanılan israilli girovların ailələri baş nazir Benyamin Netanyahunun siyasətinə qarşı etirazlarını gücləndiriblər. Ailələr həmçinin Netanyahunun onlarla görüşməkdən imtina etdiyini və tələblərini dinləmədiyini bildiriblər. Onların sözlərinə görə, baş nazir görüş üçün qrafikində vaxt olmadığını bəhanə gətirib. Girov ailələri açıqlayıblar ki, yaxınlarının Qəzzaya aparılmasından 700 gün keçdiyi üçün Netanyahu ilə görüş tələb ediblər. Lakin bir müddət sonra onlara görüşün baş tuta bilməyəcəyi bildirilib. Ailələr baş naziri onlardan qaçmaqda ittiham edərək deyiblər: “İki ildir övladlarımızı laqeyd qoyduğu üçün artıq gözlərimizə baxa bilmir.”
Dohada Ərəb Dövlətləri Liqasına (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə qapalı iclası keçirilir. İclas İsrailin HƏMAS-ın Dohadakı iqamətgahına endirdiyi hava zərbəsinə həsr olunub. İclasın əsas məqsədi İsrailin HƏMAS siyasi bürosunun üzvlərinə qarşı hücumu ilə bağlı vahid mövqenin formalaşdırılmasıdır.
ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri çərçivəsində ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirməyi planlaşdırır. AzerVoice-un məlumatına görə, Rubio və Netanyahu birlikdə Qüdsdə yerləşən Ağlama Divarını da ziyarət edəcəklər. Dövlət katibinin səfəri İsrailin bir neçə gün əvvəl Qətərin paytaxtı Dohaya endirdiyi hava zərbəsindən sonra baş tutub. İsrail Hərbi Hava Qüvvələri HƏMAS siyasi rəhbərliyinin üzvlərinin yerləşdiyi binanı raketlə vurmuşdu. Fələstin tərəfinin açıqlamasına görə, HƏMAS rəhbərlərindən heç kim həlak olmayıb.
ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edib. AzerVoice xəbər verir ki, səfər çərçivəsində o, ölkəsinin Təl-Əvivə dəstəyini bir daha təsdiqləyib. Bu bəyanat, İsrailin Qətərdə HƏMAS liderlərinə qarşı həyata keçirdiyi zərbələrin ABŞ prezidenti Donald Tramp da daxil olmaqla beynəlxalq və regional dairələrdə sərt tənqidlər doğurmasına baxmayaraq, səslənib. Rubio Təl-Əvivə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Trampın İsraili açıq şəkildə tənqid etməsi ABŞ-ın İsrailə dəstəyini dəyişməyəcək.