İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Hörmüz boğazında minaların təmizlənməsi ilə bağlı xarici müdaxiləyə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, kənar qüvvələrin bu prosesə qoşulması vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Bəqayi iddia edib ki, belə müdaxilələr xoş niyyət daşımır və gərginliyi artıra bilər. O qeyd edib ki, məsələ ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumunda nəzərdə tutulub. Sözçünün fikrincə, mövcud razılaşma çərçivəsində problemin həlli üçün kifayət qədər mexanizmlər var. Buna görə də bölgədə əlavə xarici iştirakın zəruri olmadığı vurğulanıb. İran bu məsələdə öz mövqeyini bir daha təsdiqləyib.
#ABŞ
İranlı tədqiqatçı Əli Əkbər Dareyni ABŞ-ni İranla imzalanmış anlaşma memorandumunun öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Onun sözlərinə görə, memorandumda İrana məxsus dondurulmuş vəsaitlərin azad edilməsi üçün əlavə şərt nəzərdə tutulmayıb. Dareyni bildirib ki, sənəd iki mərhələdən ibarətdir və hazırda qarşılıqlı etimadın formalaşdırılması prosesi davam etməlidir. O hesab edir ki, ABŞ öhdəliklərini tam yerinə yetirmədiyi üçün yekun saziş üzrə danışıqların gedişi çətinləşə bilər. Tədqiqatçı İsrail və Livan arasında əldə olunan razılaşmanın da memorandumun mahiyyəti ilə uyğun gəlmədiyini iddia edib. Onun fikirləri İran tərəfinin mövqeyini əks etdirir. ABŞ tərəfindən bu iddialara münasibət bildirilməyib.
Qətər Xarici İşlər Nazirliyi ABŞ və İran arasında danışıqların gedişi ilə bağlı yeni açıqlama yayıb. Bildirilib ki, İrana məxsus dondurulmuş maliyyə vəsaitlərinin azad olunması danışıqların nəticəsindən asılıdır. Nazirliyin sözçüsü Hörmüz boğazında yaranmış son gərginlik zamanı ABŞ və İran arasında əlaqə xəttindən istifadə olunduğunu bildirib. Onun sözlərinə görə, bu mexanizm qarşıdurmanın böyüməsinin qarşısını almağa kömək edib. Qətər eyni zamanda Omanla birlikdə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin olunması istiqamətində əlaqələndirmə aparır. Rəsmi Doha boğazda sərbəst gəmiçiliyin qorunmasını əsas prioritetlərdən biri hesab edir. Bu istiqamətdə diplomatik səylərin davam etdirildiyi bildirilib.
Qətər Xarici İşlər Nazirliyi ABŞ nümayəndələrinin Dohada olduğunu təsdiqləyib. Bildirilib ki, Cared Kuşner və Stiv Vitkoff İran rəsmiləri ilə birbaşa görüş keçirməyəcəklər. Onların yalnız vasitəçilərlə danışıqlar aparacağı qeyd olunub. Görüşlərdə ABŞ-İran danışıqlarının gedişi müzakirə ediləcək. Qətər tərəfi İrana məxsus 6 milyard dollar dondurulmuş vəsaitin hələ də köçürülmədiyini də açıqlayıb. ABŞ və İran nümayəndə heyətlərinin səfərlərinin bir-biri ilə əlaqəli olmadığı bildirilib. Diplomatik təmaslar vasitəçilər üzərindən davam etdirilir.
Livan Prezidenti Cozef Aun ordu komandanı Rudolf Haykal ilə ölkənin təhlükəsizlik gündəmini müzakirə edib. Görüşdə ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında imzalanmış çərçivə sazişinin icrası fonunda ordunun qarşıdakı vəzifələri diqqət mərkəzində olub. Rudolf Heykal Prezidentə Türkiyə və Böyük Britaniyaya etdiyi səfərlərin nəticələri barədə məlumat verib. Tərəflər ölkədəki təhlükəsizlik vəziyyətini və ordunun gələcək missiyalarını nəzərdən keçiriblər. Saziş İsrail ordusunun Livan ərazilərindən mərhələli şəkildə çıxmasını nəzərdə tutur. Lakin bunun üçün konkret tarix müəyyən edilməyib. Prezident Cozef Aun Livan ordusunun ölkədə sabitliyin qorunmasındakı rolunu yüksək qiymətləndirib.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ Pakistanın vasitəçiliyi ilə əldə olunmuş anlaşma memorandumunun şərtlərinə sadiq qalacağı təqdirdə, Tehran da üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək. Məsud Pezeşkian vurğulayıb ki, Tehran qərarlarını bundan sonra da rasionallıq və insan ləyaqətinə hörmət prinsipləri əsasında qəbul edəcək. O əlavə edib ki, İran əsassız təhdidlərə və məntiqsiz bəyanatlara qətiyyətlə cavab verməyə davam edəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yaxın günlərdə İran və ABŞ nümayəndələri arasında Qətərdə danışıqlar keçiriləcəyi ilə bağlı iddiaları təkzib edib.O, bununla ABŞ Prezidenti Donald Trampın tərəflərin Tehranın təşəbbüsü ilə çərşənbə axşamı Dohada danışıqlar aparacağı barədə açıqlamasını təkzib etmiş olub.
İran Xarici İşlər Nazirliyi yaxın günlərdə ABŞ ilə Qətərdə görüş keçirilməsi barədə yayılan məlumatları təkzib edib. Nazirliyin sözçüsü İsmayıl Bəqai bildirib ki, İran nümayəndə heyəti Dohaya səfər etsə də, bu, ABŞ ilə danışıqlar üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, səfərin əsas məqsədi anlaşma memorandumunun icrasını izləməkdir. Bəqai qeyd edib ki, ABŞ nümayəndələrinin Qətərə səfəri İran nümayəndə heyətinin proqramı ilə əlaqəli deyil. Rəsmi Tehran iki səfərin bir-birindən tamamilə ayrı olduğunu vurğulayıb. İran tərəfi memorandumun icrasının prioritet olaraq qaldığını bildirib. Yekun saziş üzrə yeni danışıqların başlanacağı ilə bağlı isə hər hansı məlumat verilməyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai anlaşma memorandumunun icrası ilə bağlı son vəziyyəti açıqlayıb. O bildirib ki, ABŞ memorandumun neft satışına aid 10-cu maddəsinin icrası üçün tələb olunan icazələri verib. Bəqainin sözlərinə görə, İran bu prosesin həyata keçirilməsini izləyir. O həmçinin dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi istiqamətində işlərin davam etdiyini deyib. Sözçü yekun saziş üzrə danışıqların hələ başlamadığını vurğulayıb. O əlavə edib ki, ABŞ nümayəndələrinin Qətərə səfəri İran nümayəndə heyətinin proqramı ilə əlaqəli deyil. İranın Qətərə səfəri yalnız anlaşma memorandumunun icrasına nəzarət məqsədi daşıyır.
Livan Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölənlərin sayının 4 257 nəfərə çatdığını açıqlayıb. Bildirilib ki, martın 2-dən bəri 12 mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Ölkədə humanitar vəziyyət gərgin olaraq qalır. Bu arada Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalayıblar. Saziş aylarla davam edən danışıqlardan sonra əldə olunub. Lakin sənəddə İsrail ordusunun Livanda nəzarətdə saxladığı ərazilərdən çıxması ilə bağlı öhdəlik yer almır. Bu səbəbdən bölgədə təhlükəsizliklə bağlı narahatlıqlar davam edir.
Livan Prezidenti Cozef Aun ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper ilə Beyrutda görüş keçirib. Tərəflər Vaşinqtonda əldə olunmuş çərçivə sazişinin icrasına hazırlıq məsələlərini müzakirə ediblər. Cozef Aun ABŞ Prezidenti Donald Trampın Livana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, Livan dövlətinin ölkənin cənub sərhədlərinə qədər öz səlahiyyətlərini bərpa etməkdə qərarlı olduğunu bildirib. Görüşdə təhlükəsizlik və sabitliyin təmin olunması ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Bununla yanaşı, "Hizbullah"ın silahsızlaşdırılması ilə bağlı suallar hələ də açıq qalır. İsrail qoşunlarının çıxarılması prosesinin bu məsələlərlə əlaqələndirildiyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp ABŞ və İran nümayəndələrinin çərşənbə axşamı Qətərdə görüş keçirəcəyini açıqlayıb. O bildirib ki, son hərbi gərginliyə baxmayaraq, diplomatik proses davam edir. Trampın bəyanatı İran rəsmisinin bu həftə texniki danışıqların keçirilməyəcəyini açıqlamasından qısa müddət sonra verilib. İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi növbəti görüşün yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra keçiriləcəyini bildirib. Bununla belə, həmin şərtlərin nədən ibarət olduğu açıqlanmayıb. Mövcud vəziyyət tərəflər arasında danışıqların tam dayanmadığını göstərir. Qətərdə planlaşdırılan görüşün ABŞ-İran münasibətlərinin gələcək istiqamətinə təsir edəcəyi gözlənilir.