ABŞ-ın müdafiə naziri Pit Heqset İranla hərbi qarşıdurma niyyətlərinin olmadığını bildirib. Nazirin sözlərinə görə, məqsəd İranın bölgədə yaratdığı təzyiqləri aradan qaldırmaq və ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etməkdir. Heqset vurğulayıb ki, ABŞ bu prosesdə İranın hava məkanı və ya ərazi sularına daxil olmağa ehtiyac duymur və qarşıdurma niyyətində deyil
#Hörmüz boğazı
Dünən İranın hücumları nəticəsində BƏƏ Hörmüz boğazını keçmək üçün inşa etdiyi Fuceyra boru kəməri ziyan görüb.
İran tərəfi BƏƏ-nin Fuceyra limanında baş verən yanğının ölkə tərəfindən planlaşdırılmış hücum olmadığını bəyan edib və məsuliyyəti ABŞ-ın üzərinə qoyub. Açıqlamada bildirilib ki, ABŞ-ın bölgədə hərbi aktivliyi gəmiçiliyin qeyri-qanuni şəkildə təmin olunmasına yönəlib və bu addımlar enerji obyektləri üçün risk yaradır.
İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, boğazda yaranan yeni vəziyyət artıq formalaşma mərhələsindədir və ABŞ ilə müttəfiqlərinin atəşkəsi pozaraq blokada tətbiq etməsi dəniz daşımalarının və enerji tranzitinin təhlükəsizliyini risk altına salıb.
Birləşmiş Ərəb Əmirlikləri İranın Abu-Dabi Milli Neft Şirkətinə məxsus tankerə qarşı pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb. BƏƏ Xarici İşlər Nazirliyi bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Qurum İranın bu addımını kommersiya gəmiçiliyinə qarşı yönəlmiş hücum və iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirib.
NATO rəhbərliyi ABŞ və Avropa ölkələri arasında hərbi əməkdaşlıq məsələlərində yeni mərhələnin başladığını bildirir. Mark Rutte Avropa ölkələrinin ABŞ prezidenti Donald Tramp tərəfindən verilən mesajları nəzərə aldığını və hərbi bazaların istifadəsi ilə bağlı razılaşmaların icrasını sürətləndirdiyini açıqlayıb
ABŞ İran limanlarına qarşı əməliyyatları genişləndirir
Dünyanın ən mühüm dəniz damarlarından biri olan və ildə təxminən 100 min gəminin keçdiyi Cəbəllütariq boğazında geosiyasi gərginliklərin təsiri müşahidə olunur. Hörmüz boğazında yaşanan gərginliklərin yaratdığı tədarük zənciri riskləri və iqtisadi dalğalanmalar birbaşa olaraq Cəbəllütariq marşrutlarına da təsir göstərməyə başlayıb.
İranda ali dini lideri Müctəba Xamenei ABŞ və region ölkələrinə ünvanladığı bəyanatda İranın Hörmüz boğazında təhlükəsizliyi təmin edəcəyini və “xarici müdaxilələrin qarşısını alacağını” bildirib. Bildirilib ki, İran yaxın zamanda dəniz hərbi imkanlarını gücləndirməyi və yeni silah sistemlərini nümayiş etdirməyi planlaşdırır.
Donald Tramp administrasiyası İranla gərginliyin davam etdiyi bir şəraitdə Hürmüz boğazında dəniz nəqliyyatını yenidən canlandırmaq üçün beynəlxalq koalisiya formalaşdırmağa başlayıb. ABŞ Dövlət Departamentinin rəsmisi Hürmüz boğazı ilə bağlı yeni koalisiya cəhdləri barədə yayılan xəbərləri təsdiqləyib. "Wall Street Journal" (WSJ) qəzetinin ilk olaraq paylaşdığı məlumata görə, yeni yaradılan "Dəniz Yolu Azadlığı Bölməsi" (MFC) gəmilərin bu sulardan təhlükəsiz keçidini təmin etmək üçün fəaliyyət göstərəcək. Qurum real vaxt rejimində məlumat mübadiləsi, təhlükəsizlik təlimatları və koordinasiya işlərini həyata keçirəcək.
Pakistan hökuməti ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər və Hörmüz boğazında yaranmış blokada səbəbindən İrana yönələn yüklər üçün altı quru tranzit marşrutunun açıldığını açıqlayıb. Bu addım, xüsusilə Kəraçi limanında yığılıb qalan minlərlə konteynerin daşınması üçün alternativ marşrutun formalaşdırılmasına yönəlib.
ABŞ prezidenti Donald Trampın sosial şəbəkədə etdiyi paylaşım beynəlxalq müzakirələrə səbəb olub. Məlumata görə, paylaşım Trampa yaxın hesab edilən sosial media hesablarından birində yayımlanıb və daha sonra Tramp tərəfindən yenidən paylaşılıb. Bu addım rəsmi xarakter daşımır və beynəlxalq hüquq baxımından heç bir dəyişiklik yaratmır. Qeyd olunur ki, Hörmüz boğazı dünya üzrə ən strateji enerji marşrutlarından biri hesab olunur. Gündəlik təxminən 20 milyon barel neft bu dar keçid vasitəsilə daşınır ki, bu da qlobal enerji təchizatının mühüm hissəsini təşkil edir.