BAKI,VOA, Fərid Mikayılov
ABŞ prezidenti Donald Trampın sosial şəbəkədə etdiyi paylaşım beynəlxalq müzakirələrə səbəb olub.
VOA xəbər verir ki, Donald Tramp Hörmüz boğazının “Strait of Trump” kimi göstərildiyi görüntünü paylaşaraq diqqətləri üzərinə çəkib.
Məlumata görə, paylaşım Trampa yaxın hesab edilən sosial media hesablarından birində yayımlanıb və daha sonra Tramp tərəfindən yenidən paylaşılıb. Bu addım rəsmi xarakter daşımır və beynəlxalq hüquq baxımından heç bir dəyişiklik yaratmır.
Qeyd olunur ki, Hörmüz boğazı dünya üzrə ən strateji enerji marşrutlarından biri hesab olunur. Gündəlik təxminən 20 milyon barel neft bu dar keçid vasitəsilə daşınır ki, bu da qlobal enerji təchizatının mühüm hissəsini təşkil edir.
Bildirilib ki, paylaşım ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi və Vaşinqtonun İran neft ixracına qarşı tətbiq etdiyi məhdudiyyətlər fonunda edilib. Bu kontekstdə belə simvolik addımlar beynəlxalq ictimaiyyətdə narahatlıq və geniş reaksiyalar doğurub.