#İsrail İran hücumu

Küveyt Müdafiə Nazirliyinin sözçüsü Saud əl-Atvan ölkənin hava məkanı və təhlükəsizlik vəziyyəti ilə bağlı rəsmi açıqlama yayıb. Məlumata görə, İran tərəfindən ölkəyə yönəlmiş hər hansı hava hücumu və ya yeni bir operativ hadisə son 24 saat ərzində qeydə alınmayıb. Sözçü Atvan sosial media platforması vasitəsilə paylaşdığı bəyanatda bildirib ki, hər hansı yeni insidentin baş verməməsinə baxmayaraq, Küveyt Silahlı Qüvvələri öz vəzifə və məsuliyyətlərini ən yüksək səviyyədə yerinə yetirməyə davam edir. Ordu bölmələri tam döyüş hazırlığı və daimi ehtiyatlılıq rejimində fəaliyyət göstərir.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan suriyalı həmkarı Şeybani ilə keçirdiyi ortaq mətbuat konfransında regiondakı son hərbi-siyasi vəziyyəti dəyərləndirib. Nazir Fidan xüsusilə ABŞ və İran arasında əldə olunmuş atəşkəs prosesinə toxunaraq, İsrailin bu prosesi pozma ehtimalı olan "sabotaj həmlələri" barədə beynəlxalq birliyə ciddi xəbərdarlıq edib.

İran Xarici İşlər nazirinin müavini Səid Xətibzadə, Pakistanın paytaxtı İslamabadda ABŞ ilə keçirilməsi planlaşdırılan kritik görüşlərdə İran nümayəndə heyətinə böyük ehtimalla Parlament sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik edəcəyini açıqlayıb. BBC-yə danışan diplomat, həmçinin regionun təhlükəsizliyi və yeni ali liderin səhhəti ilə bağlı mühüm bəyanatlar verib.

İranın adı açıqlanmayan yüksək rütbəli təhlükəsizlik rəsmisi, İsrailin Livana qarşı hərbi əməliyyatlarını dayandırmayacağı təqdirdə, cümə günü Pakistanın paytaxtı İslamabadda ABŞ ilə planlaşdırılan birbaşa danışıqların baş tutmayacağını iddia edib. İran tərəfi İsrailin hərəkətlərini əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının birbaşa pozulması kimi qiymətləndirir.

İranın rəsmi "Fars" xəbər agentliyinin yaydığı məlumata əsasən, İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlar fonunda Hörmüz boğazında gərginlik pik həddə çatıb. Agentlik bildirir ki, yaranmış təhlükəsizlik riskləri səbəbindən neft tankerlərinin boğazdan keçişi tamamilə dayandırılıb.

İsrail müxalifətinin lideri Yair Lapid çərşənbə günü İranla əldə olunan atəşkəs razılaşmasını kəskin tənqid edərək, bunu "görünməmiş siyasi fəlakət" adlandırıb. Lapid Baş nazir Benyamin Netanyahunu müharibənin hədəflərinə çatmaqda uğursuzluğa düçar olmaqda ittiham edib. Lapid "X" (keçmiş Twitter) hesabında paylaşdığı bəyanatda İsrailin strateji maraqlarının kənarda qaldığını vurğulayıb.

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen, ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəsə rəğmən, Avropada enerji qiymətlərinin qısa müddətdə enməyəcəyini bəyan edib. Brüsseldə keçirilən gündəlik mətbuat konfransında danışan İtkonen, qlobal enerji bazarlarındakı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb.

İsrail ordusu Tehranın mərkəzində həyata keçirdiyi hava hücumu zamanı bir sinaqoqa zərər dəydiyini rəsmən etiraf edib. Ordudan mətbuata verilən açıqlamada, İsrail qırıcılarının Tehranda vurduğu sinaqoqda yaranan "mülki itkilərə" görə təəssüf hissi keçirildiyi bildirilib.

ABŞ Prezidenti Donald Tramp, İranın Hörmüz boğazını açması üçün təyin olunan vaxt məhdudiyyəti ərəfəsində Tehran rəhbərliyinə kəskin xəbərdarlıq edib. Çərşənbə axşamı gecə yarısı başa çatacaq möhlətdən əvvəl çıxış edən Tramp, İranın tələblərə əməl etməyəcəyi təqdirdə "bu gecə bütöv bir sivilizasiyanın məhv olacağını" bəyan edib. "Al Jazeera" müxbiri Kimberli Halkett, ABŞ ilə İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlar və gərginlik fonunda ABŞ Konqresinin nümayiş etdirdiyi səssizliyi "olduqca şokedici" adlandırıb. Konqresdən gələn bu reaksiya, bölgədəki müharibə və artan təhdidlər qarşısında qanunverici orqanın mövqeyi ilə bağlı suallar doğurub.

İran Dövlət Televiziyası ABŞ-ın İsfahanda həyata keçirdiyi xilasetmə əməliyyatı ilə bağlı mühüm açıqlamalar verib. Televiziyanın məlumatına görə, İran tərəfindən vurulan F-15 qırıcısının itkin düşmüş ikinci pilotunu tapmaq üçün ABŞ-ın təşkil etdiyi əməliyyatın əsl məqsədi fərqli olub: "Ehtimallar göstərir ki, ABŞ-ın İsfahanda həyata keçirmək istədiyi xüsusi əməliyyat əslində buradakı nüvə obyektlərindən birinə sızmaq və hücum təşkil etmək məqsədi daşıyıb".