İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində İsrail ordusunun İrandakı hərbi əməliyyatlarının miqyasını genişləndirdiyini və bölgədəki geosiyasi qüvvələr nisbətini İsrailin xeyrinə qəti şəkildə dəyişdiyini bəyan edib. Netanyahu çıxışında İran rejimini "terror sistemi" adlandıraraq, İsrailin bu sistemi getdikcə artan bir güclə "əzməyə" davam etdiyini vurğulayıb.
#İsrail İran hücumu
İranın rəsmi dövlət televiziyasında yayımlanan bəyanatda SEPAH, ABŞ ordusunu "terrorçu quruluş" adlandıraraq, Vaşinqtonun Tehranın müəyyən etdiyi strateji sərhədləri aşacağı təqdirdə cavab tədbirlərinin regional hüdudlardan kənara çıxacağını bəyan edib. Bəyanatda xüsusi olaraq qeyd olunub ki, ABŞ-ın mümkün hərbi addımlarına cavab olaraq İran, ABŞ və onun müttəfiqlərini regionun neft və qaz ehtiyatlarından "illərlə" məhrum etmək potensialına malik hədəfləri vuracaq. SEPAH indiyədək mehriban qonşuluq prinsiplərinə görə bəzi hədəfləri seçməkdə təmkin nümayiş etdirdiyini, lakin artıq bütün bu məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu televiziya vasitəsilə xalqa müraciətində İsrail ordusunun bu gün İran daxilindəki strateji nəqliyyat infrastrukturuna genişmiqyaslı zərbələr endirdiyini elan edib. Baş nazir Netanyahu bildirib ki, İsrail hərbi hava qüvvələri İranda dəmir yollarını və körpüləri hədəf alıb. O, heç bir sübut təqdim etmədən iddia edib ki, bu mülki infrastruktur obyektləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hərbi məqsədlər üçün istifadə olunur.
Pakistanın hərbi rəhbərliyi Səudiyyə Ərəbistanının infrastrukturuna qarşı həyata keçirilən "əsassız təcavüzlərin" Yaxın Şərqdəki münaqişəni bitirməyə yönəlmiş həssas diplomatik səyləri iflic etmək təhlükəsi daşıdığı barədə xəbərdarlıq edib. Ravalpindi şəhərində keçirilən və 2025-ci ilin dekabrından bəri ilk olan 274-cü Korpus Komandirləri Konfransında Marşal Asim Munir Səudiyyə Ərəbistanının neft-kimya və sənaye komplekslərinə edilən son zərbələri kəskin şəkildə pisləyib. O, bu hücumları regional vasitəçilik səylərini sarsıdan "lazımsiz gərginlik" kimi xarakterizə edib.
İranın Bəsrə körfəzindəki əsas neft ixrac terminallarından biri olan Xark adasına təşkil edilən ABŞ hücumlarının xüsusilə əvvəllər vurulmuş "hərbi nöqtələri" hədəf aldığı iddia edilib. ABŞ-da fəaliyyət göstərən "Axios" xəbər platformasına danışan yüksək rütbəli amerikalı rəsmi Xark adasına edilən hücumların neft infrastrukturuna qarşı olmadığını müdafiə edib. Rəsmi nümayəndə bildirib ki, zərbələr əvvəllər zədələnmiş hava hücumundan müdafiə sistemlərini, raket meydançalarını və əlaqədar obyektləri tamamilə zəiflətmək məqsədi daşıyan "təkrar vurma" əməliyyatıdır.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens 12 apreldə keçiriləcək ümumi seçkilər ərəfəsində Macarıstanda Baş nazir Viktor Orbanla Budapeştdə bir araya gəlib və görüşdən sonra birgə mətbuat konfransında çıxış edib. Vens çıxışında Orbanın liderliyini tərifləyərək, enerji siyasəti və Qərb dəyərləri məsələsində Macarıstanı nümunə göstərib. O, Brüsseldəki bürokratları tənqid edərək onların Macarıstan xalqını sıxışdırdığını və ölkəni enerji cəhətdən asılı vəziyyətə salmağa çalışdıqlarını iddia edib.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə idarəsinin rəisi Həmid Səffari məsələ ilə bağlı açıqlama verib. Səffari bildirib ki, "Urmiya Hava Limanı və digər bəzi nöqtələr ABŞ və sionist düşmən tərəfindən atılan raketlərlə hədəf alınıb". Dəymiş ziyan barədə məlumat paylaşmayan rəsmi nümayəndə hücumdan sonra təcili yardım briqadalarının bölgəyə sövq edildiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp İrana qoyduğu ultimatumun vaxtı daraldıqca, hərbi hədəflər və mümkün dağıntıların miqyası barədə yeni açıqlamalar verib. Prezident hücum siyahısında olan obyektlərin taleyinin birbaşa Tehranın verəcəyi qərardan asılı olduğunu vurğulayıb. "Mən sizə əməliyyatın hədəfləri, razılaşma əldə olunmadan vaxt bitdikdən sonra hansı körpünün və ya hansı elektrik stansiyasının məhv ediləcəyi barədə danışmaq istəmirəm. Əgər məcbur qalmasam, İranın infrastrukturunu məhv etmək niyyətində deyiləm."-deyə Tramp bildirib.
İranın Küveytin şimalına təşkil etdiyi qisas zərbələri zamanı raket qəlpələrinin yaşayış məntəqəsinə düşməsi nəticəsində yaralananların olduğu bildirilib. Küveyt Müdafiə Nazirliyinin sözçüsü Saud əl-Atvanın ölkənin rəsmi xəbər agentliyi KUNA-da yer alan bəyanatında məsələ ilə bağlı məlumat verilib. Atvan qeyd edib ki, İranın hücumları zamanı ölkənin şimalındakı yaşayış massivinə düşən şarapnel parçaları insan xəsarətlərinə yol açıb. Hücumlardan sonra Partlayıcı Maddələrin Zərərsizləşdirilməsi (EOD) qruplarının 22 çağırışa müdaxilə etdiyi, orduya bağlı yanğınsöndürmə briqadalarının isə 3 ayrı hadisə yerinə sövq edildiyi ifadə edilib. Yaralıların sayı və sağlamlıq vəziyyətləri barədə ətraflı məlumat paylaşılmasa da, bölgədə təhlükəsizlik və araşdırma tədbirlərinin davam etdiyi qeyd olunub.
ABŞ Prezidenti Donald Tramp İranın razılaşma ilə bağlı son cavabının mühüm bir irəliləyiş olduğunu qeyd edərək bildirib: "Mənə qalsa, İrandakı nefti əlimizdə saxlamaq istərdim, çünki o, orada götürülməyə hazırdır. Təəssüf ki, Amerika xalqı bizim evə dönməyimizi istəyir". Prezident Tramp mətbuat mənsublarının İran gündəminə dair suallarını cavablandırıb. O, imkan daxilində İranın neftini ələ keçirməyi hədəfləyəcəyini vurğulayaraq deyib: "Mənə qalsa, nefti götürərdim, əlimdə saxlayardım və bolca pul qazanardım".
İran ABŞ-ın müvəqqəti atəşkəs də daxil olmaqla irəli sürdüyü təklifini iki həftəlik dəyərləndirmədən sonra rədd edib. Tehranın bu qərarı ABŞ-ın nəqliyyat təyyarələrinin İsfahanda vurulması hadisəsindən sonra Pakistan vasitəsilə çatdırılıb. İran müvəqqəti atəşkəs təklifinə verdiyi on maddəlik cavabda öz şərtlərini də təqdim edib. İranın şərtləri arasında müharibənin daimi olaraq dayandırılması, sanksiyaların ləğv edilməsi və Hörmüz boğazından təhlükəsiz keçid protokolu kimi məsələlər yer alıb.
İranın Qırmızı Aypara Cəmiyyəti İrana göstərilən humanitar yardımlara görə Azərbaycana təşəkkür edir.