BAKI,VOA,Yusif Şərifzadə
ABŞ millisinin hücumçusu Folarin Baloqun Belçikaya qarşı Dünya Çempionatının səkkizdəbir final oyunu ərəfəsində həm idman, həm də siyasi müzakirələrin əsas simalarından birinə çevrilib.
VOA xəbər verir ki, Bosniya və Herseqovina ilə keçirilən əvvəlki oyunda qırmızı vərəqə alan Folarin Baloqunun Belçikaya qarşı matçda iştirak etməyəcəyi gözlənilsə də, Beynəlxalq Futbol Federasiyası onun cəzasının dayandırıldığını açıqlayıb. Bildirilir ki, bu qərardan əvvəl ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantinonu futbolçunun işinə yenidən baxmağa çağırmışdı.
Məlumata görə, Folarin Baloqun ABŞ vətəndaşlığını doğulduğu anda əldə edib. Onun nigeriyalı anası hamiləliyinin son dövründə olduğu üçün Nyu-Yorkdan geri uça bilməyib və futbolçu ABŞ-də dünyaya gəlib. Bir ay sonra ailəsi Böyük Britaniyaya qayıdıb və Baloqun uşaqlıq illərini orada keçirib.
Futbolçu əvvəlcə İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında çıxış etsə də, 2023-cü ildə ABŞ millisini seçərək bu ölkənin futbol proqramına qoşulub. Onun ətrafında yaranan vəziyyət Dünya Çempionatının ən çox müzakirə olunan mövzularından biri kimi qiymətləndirilir.