BAKI,VOA, Fərid Mikayılov
Braziliya futbolunun əfsanəsi Ronaldinyo karyerasını bərpa edərək yenidən yaşıl meydanlara çıxacaq.
VOA xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, 46 yaşlı futbolçu İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayıb.
Braziliyalı ulduz İtaliya çempionatının üçüncü pilləsi sayılan Seriya C-də çıxış edəcək. Ronaldinyonun təqdimat mərasiminin iyunun 23-də Mayamidə keçiriləcəyi, daha sonra isə komandanın hazırlıq prosesinə qoşulacağı bildirilib.
“Yeni rənglər, eyni təbəssüm. Yenidən topla rəqs etmək və yeni tarix yazmaq üçün səbirsizlənirəm. Futbol mənim üçün hər zaman sevinc mənbəyi olub”, – deyə Ronaldinyo bildirib.
Qeyd edək ki, Ronaldinyo 2015-ci ildə peşəkar karyerasını başa vurub. O, karyerası ərzində PSJ, “Barselona” və “Milan” kimi klublarda çıxış edib. Braziliyalı futbolçu 2005-ci ildə “Qızıl top” mükafatına layiq görülüb, 2002-ci ildə isə Braziliya millisi ilə dünya çempionu olub.