BAKI,VOA Orxan Qədirzadə
2026-cı il futbol üzrə dünya çempionatının başlaması ilə birlikdə turnirin qalibi ilə bağlı proqnoz bazarında rekord həcmdə vəsait dövriyyəyə daxil olub. Beynəlxalq maliyyə və idman dairələrinin qiymətləndirmələrinə görə, mundialın qalibinin kim olacağına dair edilən proqnozların ümumi dəyəri artıq 2 milyard dollara yaxınlaşıb ki, bu da tarixdə qeydə alınan ən böyük göstəricilərdən biri hesab olunur.
Məlumata görə, çempionatın ilk oyunu başlamazdan əvvəl təkcə dünyanın ən böyük proqnoz platformalarından birində dünya çempionunun müəyyənləşdirilməsi ilə bağlı proqnozların həcmi 1,8 milyard dollara çatıb. ABŞ bazarına yönəlmiş digər iri proqnoz platformasında isə bu rəqəm 120 milyon dolları ötüb.
Sahə üzrə fəaliyyət göstərən şirkətlər dünya çempionatını tarixdə ən böyük kommersiya imkanlarından biri kimi qiymətləndirirlər. Turnirin yaratdığı maraq fonunda platformalar yeni proqnoz məhsulları təqdim edir, reklam kampaniyalarına milyonlarla dollar sərmayə yatırır və istifadəçiləri cəlb etmək üçün müxtəlif təşviqat proqramları həyata keçirirlər.
Bu çərçivədə bəzi proqnoz şirkətləri iri idman media qurumları ilə tərəfdaşlıq müqavilələri bağlayıb. Məqsəd dünya çempionatı oyunları zamanı platformaların tanıdılması və yeni istifadəçilərin cəlb edilməsidir.
ABŞ-də fəaliyyət göstərən böyük proqnoz platformalarından biri isə mundial kampaniyasına məşhur portuqaliyalı məşqçi Joze Mourinyonun iştirakı ilə hazırlanan reklam çarxı ilə start verib. Şirkət həmçinin istifadəçilər üçün müxtəlif hədiyyələr, o cümlədən dünya çempionatının final oyununa biletlər təqdim edir.
Bununla yanaşı, proqnoz bazarının sürətli genişlənməsi bəzi ölkələrdə tənzimləyici qurumların diqqətini də cəlb edib. Bir sıra platformalar beynəlxalq münaqişələr və siyasi hadisələrlə bağlı proqnozların təqdim olunmasına görə araşdırmalarla üzləşib. ABŞ-də bəzi hüquq-mühafizə və nəzarət orqanları bu bazarın mümkün manipulyasiya riskləri yaradıb-yaratmadığını araşdırır.
Mütəxəssislərin fikrincə, 2026-cı il mundialının əvvəlki turnirlərlə müqayisədə daha böyük iqtisadi potensiala malik olmasının əsas səbəbi iştirakçı komandaların sayının artırılmasıdır. Bu il ilk dəfə olaraq dünya çempionatında 48 milli komanda iştirak edir. Nəticədə oyunların sayı da əhəmiyyətli dərəcədə artıb.
Analitiklər hesab edirlər ki, əlavə oyunlar azarkeş marağını yüksəltməklə yanaşı, proqnoz və mərc bazarının da sürətlə böyüməsinə səbəb olur. Maliyyə sektorunun hesablamalarına əsasən, dünya çempionatı ilə bağlı bütün proqnoz və mərc platformalarında ümumi dövriyyə bu il 50 milyard dolları keçə bilər.
Müqayisə üçün qeyd edilir ki, 2022-ci ildə keçirilən dünya çempionatı zamanı qlobal mərc və proqnoz bazarının həcmi təxminən 35 milyard dollar təşkil etmişdi. Cari turnirdə isə bu göstəricinin xeyli yüksək olacağı gözlənilir.
Ekspertlər bəzi qarşılaşmalar üzrə proqnoz dövriyyəsinin 500 milyon dollara qədər yüksələ biləcəyini bildirirlər. Bu isə dünya çempionatını təkcə idman hadisəsi deyil, həm də qlobal maliyyə və əyləncə sənayesinin ən böyük layihələrindən birinə çevirir.
Bununla yanaşı, qumar və mərc asılılığı ilə mübarizə aparan təşkilatlar artan marağın müəyyən risklər yaratdığı barədə xəbərdarlıq edirlər. Onların fikrincə, mundial ətrafında yaranan yüksək maraq bəzi şəxslərdə mərc və proqnoz fəaliyyətlərinə həddindən artıq meyl formalaşdıra bilər.
Böyük Britaniyada fəaliyyət göstərən tənzimləyici qurumlar isə qanuni fəaliyyət göstərən platformalarda istifadəçilərin qorunması üçün müxtəlif təhlükəsizlik mexanizmlərinin tətbiq edildiyini bildirirlər.
Analitiklərin qənaətinə görə, 2026-cı il dünya çempionatı həm idman, həm də iqtisadi göstəricilər baxımından rekordlarla yadda qala bilər və proqnoz bazarının tarixində yeni mərhələnin başlanğıcını qoyur.