#Türkiyə-İsrail münasibətləri

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə Türkiyə arasında açıq qarşıdurmaya ehtiyac olmadığını bildirib və İsrail Baş naziri Benyamin Netanyahunu siyasi məqsədlərlə düşmən obrazı yaratmaqda ittiham edib. Fidan qeyd edib ki, seçkilər yaxınlaşdıqca bəzi siyasətçilər ictimai dəstək toplamaq üçün yeni qarşıdurma mövzuları axtarırlar. O bildirib ki, İsrailin HƏMAS, Hizbullah və İranla qarşıdurmalarından sonra yeni gərginlik istiqamətləri gündəmə gətirilir. Açıqlama İsrail-Türkiyə münasibətlərində son günlər artan ritorik gərginlik fonunda səslənib. Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İsrail dövlətinə qarşı mövqedə olmaqda ittiham edib. Ankara isə regional problemlərin dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayır.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər söhbət zamanı ABŞ-ın Körfəz bölgəsindəki fəaliyyəti, regional təhlükəsizlik məsələləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı açıqlamalarını müzakirə ediblər. İsrail Baş nazirinin Ofisinin yaydığı məlumata görə, telefon danışığı iki ölkə arasında müntəzəm təmaslar çərçivəsində baş tutub və tərəflər müxtəlif sahələrdə koordinasiyanın davam etdirilməsinin vacibliyini bir daha vurğulayıblar.