Livan və İsrail arasında danışıqların aparılması ilk dəfə baş verən hadisə deyil. Lakin hər dəfə bu mövzu gündəmə gələndə fərqli daxili və regional balansları əks etdirir. 2026-cı il danışıqlarının konteksti 1982 və 1983-cü illərdən köklü şəkildə fərqlənir.Hazırkı danışıqlarla 42 il əvvəlki danışıqlar arasında hansı fərq var? 1982-ci ildə İsrail ordusu Livanı Beyruta qədər işğal etmişdi. Fələstin Azadlıq Təşkilatı (FAT) ölkədən çıxarılmış, lakin 1976-cı ildə daxil olan Suriya ordusu orada qalmışdı. Tehranın qərarı və Dəməşqin yardımı ilə 1982-ci ilin iyununda əsası qoyulan "Hizbullah"ın o zaman böyük bir rolu yox idi. Bəzi qüvvələrə elə gəlirdi ki, güc balansı yeni bir siyasi kursa imkan verir. İsrail rəhbərliyi, Menahem Begin və Ariel Şaron 1982-ci ildə seçilmiş prezident Bəşir Cəmayıl ilə sülh sazişinin imzalanması üçün gizli əlaqə kanalları açmışdılar.