Digər Xəbərlər

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın blokada tətbiq etdiyi Kubaya enerji dəstəyini və humanitar yardımları davam etdirəcəklərini bəyan edib. Milli Sarayda keçirdiyi gündəlik mətbuat konfransında çıxış edən Şeynbaum Venesueladan enerji sevkiyatı kəsilən və çətin günlər keçirən Kubaya həmrəylik mesajı verib. Meksika lideri ölkəsinin xarici siyasətinin qardaşlıq prinsiplərinə əsaslandığını və Kuba xalqı üçün daha yaxşı şəraitin yaradılmasına hər zaman töhfə verməyə hazır olduqlarını vurğulayıb. O qeyd edib ki Meksikanın göndərdiyi neftin həcmi ümumi hasilatın çox kiçik bir hissəsini təşkil etsə də bu addım mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir.

ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumu çərçivəsində mübahisəli "Sülh Şurası" layihəsini təqdim etməyə və Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyə hazırlaşır. Tramp bir müddət əvvəl Danimarkaya məxsus Qrenlandiyanı hərbi güclə almaq təhdidlərindən geri çəkildiyini və Avropaya qarşı gömrük tariflərini ləğv etdiyini açıqlayaraq gərginliyi qismən azaldıb. İsveçrənin xizək kurortunda keçirilən forumun ikinci günündə ABŞ lideri beynəlxalq münaqişələrin həlli üçün nəzərdə tutulan Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimini keçirəcək. Daimi üzvlük üçün 1 milyard dollar ödəniş tələb edən bu quruma Rusiya, İsrail, Macarıstan və Misir kimi ölkələrin liderləri artıq dəvət olunublar. Tramp Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə bu şuranın tarixdəki ən güclü platforma olacağını iddia edib.

İsrailin müdafiə naziri İsrail Katz Afinada yunan həmkarı Nikos Dendias ilə bir araya gələrək iki ölkə arasında 3,5 milyard avroluq yeni silah sazişini müzakirə edib. Yunanıstan Müdafiə Nazirliyində baş tutan görüşdə tərəflər hərbi əməkdaşlığın strateji səviyyəyə qaldırılması barədə razılığa gəliblər. Müzakirələrin əsas mövzusu Yunanıstanın Türkiyə ilə quru sərhədində (Meriç), həmçinin Ege və Şərqi Aralıq dənizində "Aşil qalxanı" adı altında 5 fərqli növ silah sisteminin yerləşdirilməsi layihəsi olub. Bu çərçivədə İsrail istehsalı olan "Barak MX", "Davudun sapandçı" və "Spyder" tipli raket sistemlərinin, eləcə də müasir radar avadanlıqlarının alınması prosesinin sürətləndirilməsi qərara alınıb.

Belçikanın paytaxtı Brüsseldə YPG/SDQ terror təşkilatının tərəfdarları tərəfindən keçirilən aksiya polisin sərt müdaxiləsi ilə dağıdılıb. Məlumata görə, səhər saatlarında bir qrup YPG/SDQ tərəfdarı Avropa Parlamentinin binası qarşısında toplaşıb. Terror təşkilatını simvolizə edən bayraqlar qaldıran aksiyaçılar təşkilat lehinə şüarlar səsləndiriblər.

NATO Baş Katibi Mark Rutte İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Avropa özünü müdafiə edə bilərmi?” adlı paneldə çıxış edərək, Qrenland məsələsinin dostane şəkildə həll edilməli olduğunu, lakin əsas problemin Ukrayna olduğunu bildirib. Rutte çıxışında deyib ki, Ukrayna bir nömrəli prioritet olmalıdır, çünki bu, həm Avropanın, həm də ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. O, həmçinin Qrenland məsələsində arxa planda işlədiyini, lakin bunu ictimaiyyətə açıqlaya bilmədiyini vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a indiyədək ən sərt və birbaşa xəbərdarlıqlardan birini edib. O bildirib ki, İslam Respublikası yenidən hücuma məruz qalacağı təqdirdə “əlində olan hər şeylə” cavab verəcək. Əraqçinin bu açıqlamaları ABŞ-ın aviadaşıyıcı qrupunun Asiyadan Yaxın Şərqə doğru hərəkət etdiyi, eləcə də Karib dənizi bölgəsində Nikolas Maduronun həbsi ilə nəticələnən genişmiqyaslı hərbi fəaliyyətdən sonra əlavə qırıcı və hərbi texnikanın bölgəyə yönəldildiyi bir vaxta təsadüf edir. Qeyd edək ki, Əraqçinin Davos Dünya İqtisadi Forumuna dəvəti ölkə daxilində nümayişçilərin sıxışdırılması ilə bağlı tənqidlər fonunda geri alınmışdı.

BMT-nin Uşaq Fondu (UNICEF) Qəzza zolağında yaşayan uşaqların acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalaraq dəhşətli hesabat yayıb. Təşkilatın sözçüsü Ceyms Elderin verdiyi məlumata görə, 2025-ci ilin oktyabrında əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, bölgədə hər gün orta hesabla bir uşaq həyatını itirir. Atəşkəs dövründə həlak olan uşaqların ümumi sayı artıq 100-ə çatıb.

ABŞ Prezidenti Donald Tramp fəaliyyətinin ilk ildönümü münasibətilə "News Nation" kanalına verdiyi müsahibədə İranın ona qarşı sui-qəsd təhdidləri və ölkə daxilindəki etirazlarla bağlı sərt bəyanatlar səsləndirib. İranın sui-qəsd planlarını həyata keçirmə ehtimalını şərh edən Tramp, belə bir addım atılacağı təqdirdə cavabın qəti olacağını bildirib. O, hərbi rəhbərliyə çox ciddi göstərişlər verdiyini vurğulayaraq, "Hər hansı bir hadisə baş verərsə, bütün ölkə havaya uçacaq. Onları yer üzündən siləcəklər," – deyə xəbərdarlıq edib. Tramp həmçinin sələfi Co Baydeni bu təhdidlərə qarşı kifayət qədər sərt reaksiya verməməkdə ittiham edib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) çıxışı zamanı ABŞ-ın Avropa ölkələrinə qarşı tətbiq etməyi planlaşdırdığı əlavə gömrük rüsumlarını "səhv" adlandırıb. O bildirib ki, Aİ və ABŞ ötən ilin iyulunda ticarət sazişi üzrə razılığa gəliblər və bu razılaşmaya sadiq qalmaq müttəfiqlik borcudur. Fon der Lyayen ABŞ-ın atdığı qeyri-ədalətli addımların yalnız rəqiblərin maraqlarına xidmət edəcəyini vurğulayaraq, Avropanın bu cür addımlara cavabının vahid və mütənasib olacağını qeyd edib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Misir Rəyasət Heyətinin çərşənbə axşamı verdiyi məlumata görə, bu, ABŞ-ın Qəzzada müharibəni dayandırmaq üçün hazırladığı planın ikinci mərhələsinə başladığını elan etməsindən sonra iki lider arasında keçirilən ilk rəsmi görüş olacaq.

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Qəzzada atəşkəs prosesi çərçivəsində yaradılan "Sülh Şurası"na qatılmaqdan imtina edəcəyi təqdirdə rəsmi Parisə qarşı sərt iqtisadi sanksiyalar tətbiq edəcəyini bəyan edib. Tramp Makronun bu dəvətə müsbət yanaşmadığı barədə iddialara cavab olaraq Fransadan idxal edilən şərab və şampanlara 200 faiz gömrük rüsumu tətbiq edə biləcəyini bildirib.