BAKI,VOA, Fərid Mikayılov
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı kritik bir vaxtda rəsmi Tehrandan təcili əməkdaşlıq və nüvə obyektlərinə dərhal giriş icazəsi tələb edən qətnamə qəbul edib.
VOA xəbər verir ki, Fransa, Böyük Britaniya, Almaniya və ABŞ tərəfindən təqdim olunan qətnamə layihəsi BAEA-nın Viyandakı mərkəzində keçirilən qapalı səsvermədə 21 ölkənin dəstəyi ilə qəbul olunub.
Rusiya, Çin və Niger qətnamənin əleyhinə səs verib.
Bu diplomatik həmlə, ABŞ-ın İrana qarşı genişmiqyaslı hava zərbələri endirdiyi və Tehranın da region ölkələrinə cavab zərbələri ilə qarşılıq verdiyi kəskin eskalasiya dövrünə təsadüf edir. ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarının tıxanmasına görə Tehranın "ağır bədəl ödəyəcəyi" xəbərdarlığını edib. Xatırladaq ki, 2025-ci ilin iyun ayında ABŞ və İsrailin İrana məxsus obyektləri bombardman etməsindən bəri rəsmi Tehran BAEA müfəttişlərinin zərər görmüş nüvə mərkəzlərinə daxil olmasına icazə vermir.
Agentliyin son hesabatına görə, İran hazırda silaha yararlı səviyyəyə (90%) texniki olaraq çox yaxın olan 60% təmizlikdə 440,9 kiloqram zənginləşdirilmiş uran stokuna sahibdir. BAEA-nın Baş direktoru Rafael Qrossi xəbərdarlıq edib ki, rəsmi Tehran qərar verəcəyi təqdirdə bu xammal 10 ədəd nüvə bombası istehsal etmək üçün kifayətdir. Tehran isə nüvə proqramının tamamilə dinc məqsədli olduğunu iddia etməkdə davam edir.