Banqladeşdə 2024-cü ildə Baş nazir Şeyx Hasinanın devrilməsi ilə nəticələnən xalq üsyanından sonra ilk dəfə keçiriləcək ümumi seçkilərin təşviqat kampaniyasına başlanılıb. Ölkə daxilində keçirilən mitinqlər fevralın 12-nə təyin edilmiş seçkilərə böyük marağın olduğunu nümayiş etdirir. Seçki marafonunun əsas iştirakçıları olan Banqladeş Millətçi Partiyası (BNP) və Banqladeş Camaat-e-İslami Partiyası kampaniyaya müvafiq olaraq Silhet şəhəri və paytaxt Dakkada on minlərlə tərəfdarının iştirakı ilə start verib. Banqladeşin 170 milyonluq əhalisinin təxminən 128 milyonu səsvermə hüququna malikdir. Bu seçkilər Hasinanın devrilməsindən sonra yaranan siyasi qeyri-sabitliyə son qoyaraq ölkənin daxili və regional dinamikasını yenidən formalaşdıracaq.
Digər Xəbərlər
İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskinin İrandakı etirazlarla bağlı Davosda səsləndirdiyi fikirlərə kəskin reaksiya verib. "X" sosial media platformasındakı rəsmi hesabından paylaşım edən Əraqçi, Ukrayna liderini "kloun" adlandıraraq rəsmi Kiyevin mövqeyini sərt tənqid edib.
Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampın yeni elan etdiyi “Sülh Şurası”nın (Board of Peace) Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzuna xələl gətirə biləcəyi ilə bağlı narahatlıqlar fonunda, beynəlxalq birliyi bu qurumun “mərkəzi rolu”nu qorumağa səsləyib. Cümə günü braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparan Si Cinpin, Trampın beynəlxalq normaları sarsıdan yeni təşəbbüsünə qarşı Braziliya ilə gücləri birləşdirməyin vacibliyini vurğulayıb. Hər iki ölkə Trampın qrupuna dəvət alsa da, iştiraklarını təsdiqləməyiblər və Pekin bu addımı BMT-yə qarşı bir rəqabət cəhdi kimi qiymətləndirir.
ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsinin göyərtəsində jurnalistlərə verdiyi bəyanatda regional münaqişələr, iqtisadi sanksiyalar və qlobal ticarət əlaqələri ilə bağlı silsilə mühüm açıqlamalar verib. Prezident Tramp "böyük bir hərbi qüvvənin" İrana doğru irəlilədiyini və ölkədəki vəziyyəti yaxından izlədiklərini bildirib. O, "İranla bağlı hər hansı bir hadisənin baş verməməsinə üstünlük verərdim" desə də, rəsmi Tehranla ticarət aparan ölkələrə qarşı elan edilmiş ikinci dərəcəli gömrük rüsumlarının tezliklə tətbiq olunacağını aydınlaşdırıb. Tramp vurğulayıb ki, əgər İran hökuməti nümayişçilərin planlaşdırılan edamlarını həyata keçirərsə, ABŞ-ın hərbi cavabı əvvəlki nüvə obyektlərinə endirilən zərbələri "heç nə" kimi göstərəcək qədər şiddətli olacaq.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ölkədə baş verən kütləvi etiraz aksiyalarından sonra Vaşinqtona qarşı ritorikanı sərtləşdirərək, hərbi qüvvələrin "barmağının tətikdə" olduğunu bəyan edib. Bu xəbərdarlıq, ABŞ Prezidenti Donald Trampın Tehranın hələ də danışıqlara maraq göstərdiyini bildirməsi və eyni zamanda bölgəyə nəhəng hərbi donanma göndərməsi fonunda səslənib.
ABŞ Prezidenti Donald Tramp, Kanadanın Qəzzada müharibəni dayandırmağı və yenidənqurmanı hədəfləyən Sülh Şurasına qatılması ilə bağlı dəvəti geri götürdüyünü bildirib. Tramp, ABŞ mərkəzli "Truth Social" sosial media platformasındakı hesabından Kanadanın Sülh Şurasında iştirakı üçün nəzərdə tutulan dəvətin geri çəkilməsinə dair açıqlama verib.
ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi (HHS), Prezident Donald Trampın uzunmüddətli hədəflərindən birini tamamlayaraq Amerika Birləşmiş Ştatlarının Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılma prosesinin rəsmən yekunlaşdığını açıqlayıb. Prezident Tramp ilk dövründə başlatdığı ÜST-dən ayrılma təşəbbüsünü, ikinci dövrünün ilk günündə imzaladığı fərmanla qətiləşdirmişdi. ABŞ qanunlarına görə, təşkilatdan ayrılmaq üçün bir il öncədən bildiriş verilməli və bütün ödənilməmiş borclar bağlanmalıdır. Hazırkı vaxt etibarilə ABŞ-ın ÜST-yə təxminən 260 milyon dollar borcu var, lakin hüquq ekspertləri ABŞ-ın bu ödənişi etməsinin az ehtimal olunduğunu və ÜST-nin bu vəsaiti toplamaq üçün əlində məhdud hüquqi vasitələrin olduğunu bildirirlər.
Tunis istehsalı olan “Hind Rəcəbin səsi” filmi 98-ci Oskar mükafatları çərçivəsində beynəlxalq film nominasiyası üzrə mübarizəyə qoşularaq qlobal kino gündəminə daxil olub. Film rəsmi şəkildə Tunisi “Ən yaxşı beynəlxalq film” nominasiyası üzrə təmsil etmək üçün seçilib. Tunisli rejissor Kövsər bin Hənniyyənin ekran işi 2024-cü ilin yanvarında Qəzza zolağında həlak olan fələstinli uşaq Hind Rəcəbin real həyat hekayəsinə əsaslanır. Filmin süjet xətti hadisə zamanı qeydə alınmış real səs yazılarına söykənir və uşaq tərəfindən edilən kömək çağırışlarını mərkəzə gətirir. Ekran əsəri sənədli və bədii üslub arasında balans yaradaraq səsi hadisənin əsas mənəvi şahidi kimi təqdim edir.
Avropa İttifaqı İranda davam edən etiraz aksiyalarına qarşı güc tətbiqini və insan hüquqlarının kobud pozulmasını pisləyən qətnamə layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib. səsvermədə 562 deputat lehinə, 9 deputat isə əleyhinə səs verib. Qətnamədə minlərlə etirazçının öldürülməsindən ciddi narahatlıq ifadə olunub və bu yanaşma müxalifəti boğmaq üsulunda “strateji məhvə” doğru təhlükəli keçid kimi qiymətləndirilib. Sənəddə həbsdə olan bütün etirazçıların, hüquq müdafiəçilərinin və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur.
Davosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Sülh Şurasının Nizamnaməsinin imzalanması mərasimi keçirilib.
ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumu çərçivəsində "Qəzza Sülh Şurası" üçün imzaların atıldığını və bölgədə hərbi əməliyyatların sona çatdığını elan edib. Forumdakı çıxışı zamanı Tramp HƏMAS-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə inandığını vurğulayıb. ABŞ lideri Qəzzada sülhün qısa müddət ərzində tam bərpa olunacağını və bölgənin yenidən qurulması prosesinə başlayacaqlarını diqqətə çatdırıb. Sülh Şurasının yaradılması ilə müharibədən sonrakı bərpa işlərinin beynəlxalq koordinasiya daxilində idarə olunması nəzərdə tutulur.
Yaponiyanın Niigata prefekturasında yerləşən və dünyanın ən böyük istehsal gücünə malik "Kaşivazaki-Kariva" Atom Elektrik Stansiyasında (AES) yenidən texniki problemlər yaranıb. TEPCO şirkəti tərəfindən idarə olunan stansiyanın 6 nömrəli reaktoru dünən rəsmi yoxlamalardan sonra işə salınsa da cəmi bir gün sonra fəaliyyətini dayandırıb. Buna səbəb reaktordakı nüvə parçalanmasını tənzimləyən idarəetmə çubuqlarının elektrik komponentlərində yaranan nasazlıq olub. Qeyd edək ki 2011-ci ildə baş verən güclü zəlzələ və "Fukuşima" fəlakətindən sonra stansiyanın bütün yeddi reaktoru 2012-ci ildə təhlükəsizlik məqsədilə qapadılmışdı.