BAKI,VOA,Yusif Şərifzadə
Neftin dünya bazarındakı qiyməti İranın Hörmüz boğazında iki gəmini dayandırdığını bildirməsindən sonra yüksəlib.
VOA xəbər verir ki, İranın iki gəminin Hörmüz boğazını tərk etməsinin qarşısını aldığına dair açıqlaması qlobal enerji təchizatı ilə bağlı narahatlıqları yenidən artırıb. Bununla belə, bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
İran daha dörd neft tankerinin də ölkənin hərbi qüvvələrinin müdaxiləsindən sonra marşrutunu dəyişərək geri qayıtdığını iddia edib.
Buna baxmayaraq, gəmi hərəkətini izləyən məlumatlara əsasən, Fars körfəzində neft yüklənmiş iki iri tanker Hörmüz boğazından keçərək yoluna davam edib. Həmçinin daha iki yük gəmisinin də boğazdan keçdiyi qeydə alınıb.
Hörmüz boğazı dünya üzrə daşınan enerji məhsullarının təxminən beşdəbirinin keçdiyi ən mühüm dəniz marşrutlarından biri hesab olunur.
Bazar iştirakçıları İranın son açıqlamalarının enerji bazarındakı riskləri artırdığını bildirirlər. Bu xəbərlərin fonunda Brent markalı neftin qiyməti gün ərzində 1 faizdən çox yüksəlib.
Reuters agentliyinin sorğusunda iştirak edən iqtisadçılar və analitiklər neft qiymətlərinin ilin qalan hissəsində də artmaqda davam edəcəyini proqnozlaşdırırlar.