BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsinin (FinCEN) direktoru Andrea Qakki vəzifəsindən ayrılaraq Citigroup bankında qlobal sanksiyalar üzrə rəhbər vəzifəsinə təyin olunacaq.
VOA xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Andrea Qakki 25 illik dövlət qulluğundan sonra vəzifəsini tərk edir. O, rəhbərliyin səlis şəkildə təhvil verilməsi üçün bir neçə həftə ərzində FinCEN-də fəaliyyətini davam etdirəcək.
Andrea Qakki 2023-cü ildən etibarən Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsinə rəhbərlik edirdi.
Nazirlik bu vəzifənin müvəqqəti icrasını uzun illər Maliyyə Nazirliyində çalışan və Federal Təhqiqat Bürosunun keçmiş məhkəmə-maliyyə eksperti Cenna Kasanovaya həvalə edib.
Cenna Kasanova son olaraq Maliyyə Nazirliyinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə nazir müavininin baş müşaviri kimi çalışıb. O, qanunsuz maliyyə axınlarına qarşı mübarizə və Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi, Xarici Aktivlərə Nəzarət İdarəsi və digər qurumlar arasında siyasətin əlaqələndirilməsi ilə məşğul olub.
Nazirliyin məlumatına görə, Cenna Kasanova əvvəllər FinCEN-in icra tədbirlərində də iştirak edib və TD Bank barəsində Bank Sirri Qanununun pozulmasına görə tətbiq edilən rekord həcmdə – 1,3 milyard dollar məbləğində cərimə ilə nəticələnən araşdırmanın aparıcı şəxslərindən biri olub. Həmin iş üzrə ümumi cərimələrin məbləği 3 milyard dollar təşkil edib.