Digər Dövlətlər

ABŞ İranın gəlir mənbələrini məhdudlaşdırmaq məqsədilə yeni və daha genişmiqyaslı iqtisadi təzyiq kampaniyasına başlayır. Vaşinqtonun addımları İranın maliyyə şəbəkələrini və neft gəlirlərini hədəfə almaqla yanaşı, Tehranla iqtisadi əlaqələri olan üçüncü ölkələrə də təzyiq göstərməyi nəzərdə tutur. ABŞ Maliyyə naziri Skott Besent “Financial Times” qəzetində dərc olunan məqaləsində yeni tədbirlərin avqustun 24-dən tətbiq olunacağını bildirib. O, İran rejimini maliyyələşdirən bütün əsas gəlir kanallarının kəsilməsinin Vaşinqtonun başlıca məqsədlərindən biri olduğunu açıqlayıb.

Norveç kralı V Haraldın səhhətinin xəstəxanada müalicə aldığı vaxt pisləşdiyi açıqlanıb. Kral sarayı 89 yaşlı monarxın müalicəyə cavab verdiyini, lakin səhhətinin ciddi nəzarətdə saxlanıldığını bildirib.Kral sarayının yaydığı məlumata görə, V Harald qanda bakterial infeksiya səbəbindən antibiotik müalicəsi alır.

Qayana­nın keçmiş xarici işlər naziri Karolin Rodriges Berkett BMT Baş katibi Antonio Quterreşin varisliyinə dair Təhlükəsizlik Şurasında keçirilən ikinci qeyri-rəsmi səsvermədə ilk pilləyə yüksəlib. Rodriges Berkett səkkiz “dəstəkləyici”, üç “əleyhinə” və dörd “mövqesiz” səs alıb. İlk səsvermədə isə onun doqquz dəstəkləyici səsi olmuşdu. Buna baxmayaraq, namizədlər arasında liderliyini qoruyub.

Britaniya şahzadəsi Harri ilə evləndikdən sonra aktyorluq fəaliyyətindən uzaqlaşan Meqan Marklın yenidən ekranlara qayıtması gündəmə gəlib. Onun “The Gentlemen” serialının üçüncü mövsümündə rol ala biləcəyi bildirilir. “CNN”ə danışan Meqan Markla yaxın mənbələrin sözlərinə görə, Sasseks hersoginyasının qarşıdakı dövrdə Londonda məskunlaşması onun aktyorluğa dönüş ehtimalını artırır. Qay Riçinin rejissoru olduğu serialın çəkilişlərinin Böyük Britaniyada aparılması da bu ehtimalı gücləndirir.

ABŞ-da federal məhkəmə Donald Tramp administrasiyasının aralarında Əfqanıstan, İran, Rusiya və Somalinin də olduğu 75 ölkədən miqrantların viza müraciətlərinin dayandırılması siyasətini qanuna zidd hesab edərək ləğv edib. Nyu-Yorkdakı ABŞ Dairə Məhkəməsinin hakimi Jannet Varqas qərarında ABŞ Dövlət katibi Marko Rubionun bu ölkələrin vətəndaşlarına viza verilməsinin ümumi şəkildə dayandırılmasını nəzərdə tutan siyasətin administrasiyanın səlahiyyətlərini aşdığını bildirib.

Efiopiyanın milli valyutası birr ABŞ dolları qarşısında dəyər itirməkdə davam edir. Mərkəzi bankın ilin əvvəlindən valyutanı dəstəkləmək üçün təxminən 2,2 milyard dollar xərcləməsinə baxmayaraq, birr dollar qarşısında rekord həddə yaxınlaşıb. “Bloomberg”in məlumatına görə, birr ilin əvvəlindən təxminən 3,2 faiz ucuzlaşıb və dolların məzənnəsi 162 birrə yaxınlaşıb. Paralel bazarda isə dollar təxminən 180 birrə satılır ki, bu da rəsmi məzənnədən təxminən 15 faiz yüksəkdir.

Panama bayraqlı “Ocean Winner” yük gəmisi Hindistanın şərq sahillərində batıb. Gəmidə 24 heyət üzvü olub. Onlardan 20-si Çin, üçü Myanma, biri Banqladeş vətəndaşıdır. Gəmi Odişadan Sinqapura dəmir filizi aparırdı. Hindistan Sahil Mühafizəsi indiyədək iki nəfəri sağ xilas edib. Digər heyət üzvlərinin axtarışı davam edir. Əməliyyata Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri cəlb olunub. Gəminin batmasının səbəbi hələlik məlum deyil.

ABŞ-də İsrail tərəfdarı AIPAC lobbi təşkilatının siyasi nüfuzunun zəiflədiyinə dair yeni əlamətlər müşahidə olunur. Miçiqandan Senata respublikaçı namizəd Mayk Rocersin müttəfiqləri AIPAC-dan onun lehinə açıq reklam kampaniyası aparmamağı istəyiblər. Rocers İsrailə güclü dəstəyi ilə tanınsa da, AIPAC-ın açıq dəstəyinin seçkilərdə siyasi yükə çevrilə biləcəyindən narahatlıq var. AIPAC Miçiqandakı demokratların ilkin seçkisində 30 milyon dollardan çox vəsait xərcləyib. Buna baxmayaraq, təşkilatın əleyhinə kampaniya aparan Əbdül Əl-Səyyed ilkin seçkidə qalib gəlib. Qəzzadakı müharibəyə münasibətin ABŞ seçicilərinin İsrail siyasətinə baxışına təsir etdiyi bildirilir. AIPAC son dövrdə bir sıra seçki məğlubiyyətləri ilə də üzləşib. Miçiqandakı vəziyyət təşkilatın ABŞ seçkilərindəki roluna dair müzakirələri daha da gücləndirib.

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ABŞ-nin iqtisadi təzyiq siyasətinə münasibət bildirib. O, Vaşinqtonun siyasətini “iqtisadi terror” adlandırıb. Arif ABŞ-nin təzyiqlərinin İranın iqtisadi sabitliyini pozmasına imkan verilməyəcəyini deyib. İran hökumətinin əhalinin yaşayış səviyyəsini qorumağa çalışacağını bildirib. Arif iqtisadi təzyiqlərin İran xalqının iradəsini dəyişə bilmədiyini iddia edib. Onun fikrincə, belə təzyiqlər əks nəticə verir. Açıqlama ABŞ-nin İrana qarşı yeni iqtisadi tədbirlər görmək təhdidləri fonunda səsləndirilib. Tehran sanksiyaların ölkəni siyasi güzəştlərə məcbur etməyəcəyini bildirir.

Kanada sentyabrın 8-dən ABŞ məhsullarına yeni cavab tarifləri tətbiq edəcək. Baş nazir Mark Karni bu qərarın ABŞ-nin Kanada məhsullarına tətbiq etdiyi 50 faizlik tariflərə cavab olduğunu bildirib. Vaşinqtonun tədbirləri təxminən 20 milyard dollarlıq Kanada ixracını əhatə edir. ABŞ tarifləri şərab, mebel, süd məhsulları, sement, geyim və bir sıra digər məhsullara şamil olunur. Kanada isə polad, süd məhsulları, məişət avadanlıqları, kənd təsərrüfatı texnikası və elektronika daxil olmaqla müxtəlif ABŞ məhsullarına tarif tətbiq edəcək. Karni Ottavanın Vaşinqtona “dollar qarşılığında dollar” prinsipi ilə cavab verəcəyini bildirib. Tərəflər intensiv danışıqlara baxmayaraq yeni ticarət razılaşmasına nail ola bilməyiblər. Tarif qarşıdurması ABŞ–Meksika–Kanada Sazişinin gələcəyi ilə bağlı da narahatlıq yaradır.

Avropa İttifaqı meşə yanğınları ilə mübarizədə Serbiyaya əlavə yardım göndərir. Yardım Mülki Müdafiə Mexanizmi çərçivəsində həyata keçiriləcək. Serbiyaya dörd yanğınsöndürmə helikopteri göndərilməsi nəzərdə tutulur. Almaniya 55 yanğınsöndürən və 24 xüsusi nəqliyyat vasitəsi ayıracaq. Rumıniya isə 69 yanğınsöndürən və 15 nəqliyyat vasitəsi göndərəcək. Deliblatska Peşçara ərazisində yanğınlar iyulun sonlarından davam edir və minlərlə hektar şam meşəsi məhv olub. Rusiya da Serbiyaya İl-76P yanğınsöndürmə təyyarəsi göndərib. Serbiya rəsmiləri vəziyyətin sabitləşdiyini bildirsələr də, güclü külək səbəbindən yanğınların yenidən genişlənməsi təhlükəsi qalır.