BAKI,VOA Orxan Qədirzadə
Qayananın keçmiş xarici işlər naziri Karolin Rodriges Berkett BMT Baş katibi Antonio Quterreşin varisliyinə dair Təhlükəsizlik Şurasında keçirilən ikinci qeyri-rəsmi səsvermədə ilk pilləyə yüksəlib.
Rodriges Berkett səkkiz “dəstəkləyici”, üç “əleyhinə” və dörd “mövqesiz” səs alıb. İlk səsvermədə isə onun doqquz dəstəkləyici səsi olmuşdu. Buna baxmayaraq, namizədlər arasında liderliyini qoruyub.
Kosta-Rikanın keçmiş vitse-prezidenti və BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri Rebekka Qrinspan ikinci səsvermədə yeddi dəstəkləyici, dörd əleyhinə və dörd mövqesiz səs toplayaraq ikinci yerdə qərarlaşıb. İlk səsvermədə Qrinspan 10 dəstəkləyici səs əldə etmişdi.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi yeddi dəstəkləyici və altı əleyhinə səslə üçüncü yerdə qalıb. Seneqalın keçmiş prezidenti Maki Sall isə altı dəstəkləyici və yeddi əleyhinə səslə dördüncü olub.
Uqandanın keçmiş parlament sədri Olara Otunnunun mövqeyi isə ikinci turda əhəmiyyətli dərəcədə yaxşılaşıb. O, beş dəstəkləyici, beş əleyhinə və beş mövqesiz səs alaraq beşinci pilləyə yüksəlib.
Çilinin keçmiş prezidenti Mişel Baçeletin nəticəsi isə zəifləyib. O, cəmi iki dəstəkləyici səs alıb və yeddi üzv mövqeyini açıqlamayıb.
Ekvadorlu diplomat Yvon Abdülbaki isə yarışa yeni qoşulmasına baxmayaraq, ikinci səsvermədə dəstəkləyici səs ala bilməyib. Onun səkkiz əleyhinə və yeddi mövqesiz səs topladığı bildirilib.
Namizədlərdən heç biri qalib gəlmək üçün tələb olunan doqquz dəstəkləyici səs həddinə çata bilməyib. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququ seçimin nəticəsində həlledici rol oynaya bilər.
Quterreşin ikinci vəzifə müddəti 31 dekabr 2026-cı ildə başa çatır. Yeni baş katibin həmin tarixədək müəyyənləşdirilməsi gözlənilir. Seçki prosesində Latın Amerikası və Karib hövzəsindən namizədlərin üstünlük təşkil etməsi də diqqət çəkir. Namizəd qadınlardan birinin qalib gəlməsi BMT tarixində ilk dəfə qadının baş katib vəzifəsinə seçilməsi ilə nəticələnə bilər.