BAKI,VOA Orxan Qədirzadə
ABŞ-da federal məhkəmə Donald Tramp administrasiyasının aralarında Əfqanıstan, İran, Rusiya və Somalinin də olduğu 75 ölkədən miqrantların viza müraciətlərinin dayandırılması siyasətini qanuna zidd hesab edərək ləğv edib.
Nyu-Yorkdakı ABŞ Dairə Məhkəməsinin hakimi Jannet Varqas qərarında ABŞ Dövlət katibi Marko Rubionun bu ölkələrin vətəndaşlarına viza verilməsinin ümumi şəkildə dayandırılmasını nəzərdə tutan siyasətin administrasiyanın səlahiyyətlərini aşdığını bildirib.
Hakim qeyd edib ki, ABŞ-ın Miqrasiya və Vətəndaşlıq Qanunu viza müraciətlərinin ayrı-ayrılıqda qiymətləndirilməsini və müraciət edən şəxsin qanunda müəyyən edilmiş meyarlara uyğun olub-olmadığına konsulluq əməkdaşlarının qərar verməsini nəzərdə tutur.
Varqas 75 ölkənin vətəndaşlığına əsaslanaraq miqrant vizalarının kateqorik şəkildə qadağan edilməsinin bu hüquqi çərçivəni birbaşa pozduğunu vurğulayıb.
ABŞ Dövlət Departamenti daha əvvəl “ictimai yardımlardan asılı vəziyyətə düşə biləcək” miqrantlarla bağlı qaydaların sərtləşdirilməsi çərçivəsində 75 ölkədən olan şəxslərin miqrant vizası müraciətlərinin dayandırılması barədə konsulluqlara göstəriş vermişdi.
Departamentin məlumatına görə, bu ölkələrdən olan miqrantların yaşadığı ailələrin 30 faizdən çoxunun ABŞ-da müəyyən dövlət yardımlarından yararlandığı bildirilmişdi.