BAKI,VOA Orxan Qədirzadə
Kolumbiyanın keçmiş prezident Qustavo Petro dövründə Qəzzaya hücumlara etiraz olaraq dayandırılan İsrailə kömür ixracının yeni hökumət tərəfindən yenidən başladılacağı açıqlanıb.
Kolumbiyanın Ticarət, Sənaye və Turizm naziri Maurisio Qomes Amin bildirib ki, İsrailə kömür ixracına icazə verən yeni fərman artıq mövcuddur. Qərarın 7 avqustda vəzifəyə başlayan prezident Abelardo de la Espriella administrasiyası tərəfindən qəbul edildiyi bildirilib.
Petro hökuməti iki il əvvəl İsrailə kömür satışını dayandırmışdı. Yeni qərarla ixracın bərpasına hüquqi imkan yaradılıb.
Bununla belə, Kolumbiya Milli Kömür İstehsalçıları Federasiyasının rəhbəri Karlos Kante xəbərdarlıq edib ki, ixrac qadağasının aradan qaldırılması ölkənin İsrail bazarındakı əvvəlki mövqeyini dərhal bərpa edəcəyi anlamına gəlmir.
Kantenin sözlərinə görə, İsrail artıq Cənubi Afrikadan kömür almağa başlayıb və bəzi istilik elektrik stansiyalarında qaz istifadəsini artırıb. Bu səbəbdən Kolumbiyanın əvvəlki ixrac həcminə qayıtmasının çətin olacağı bildirilir.
İki illik fasilə ərzində Kolumbiyalı istehsalçılar kömürün bir hissəsini əsasən Latın Amerikası olmaqla alternativ bazarlara yönəldiblər.