BAKI,VOA, Həcər Nazarova
Rusiya çərşənbə axşamından etibarən rəqəmsal rublun istifadəsini genişləndirməyə başlayacaq. Bununla iri yerli banklar və pərakəndə satış şirkətləri yeni milli valyuta formasından istifadə etməklə ödəniş və pul köçürmələrini həyata keçirə biləcəklər.
Fiziki şəxslər iştirakçı bankların mobil tətbiqləri vasitəsilə rəqəmsal rubl hesabları aça biləcək. Onlar hər ay adi bank hesablarından rəqəmsal rubla maksimum 300 min rubl (təxminən 3 500 dollar) köçürə biləcəklər. Bu məhdudiyyət bizneslərə şamil olunmayacaq.
Rəqəmsal rubl nağd pul və bank hesablarında saxlanılan vəsaitlə yanaşı, Rusiyanın milli valyutasının üçüncü forması olacaq. Onun dəyəri rublun digər formaları ilə eyni olacaq. Kriptovalyutalardan fərqli olaraq, rəqəmsal rubl Rusiya Mərkəzi Bankı tərəfindən buraxılır və təmin edilir.
Rusiya Mərkəzi Bankı rəqəmsal rublu digər ölkələrin mərkəzi banklarının rəqəmsal valyuta sistemləri ilə inteqrasiya etmək üzərində də işləyir. Məqsəd vasitəçilərdən asılılığı və əməliyyat xərclərini azaltmaq, həmçinin beynəlxalq ödənişlərdə sanksiyalarla bağlı riskləri minimuma endirməkdir.
Avropa İttifaqı aprelin 23-də qəbul etdiyi 20-ci sanksiyalar paketi çərçivəsində rəqəmsal rublla bağlı əməliyyatları qadağan edib.