BAKI,VOA
Alimlər isti buludlarda yağışın ilk damcılarının necə yarandığını anlamağa imkan verən yeni ipucları əldə ediblər. Almaniyanın Maks Plank Özünütəşkilat Dinamikası İnstitutunun tədqiqatçıları buludların daxilində su damcılarının qeyri-bərabər toplandığı çox kiçik sahələr aşkar ediblər.
ABŞ Milli Elmlər Akademiyasının nəşri olan Proceedings of the National Academy of Sciences jurnalında dərc edilən araşdırmaya görə, bəzi isti kümülüs buludlarında diametri təxminən 1 metr və ya daha az olan “qaynar nöqtələr” mövcuddur. Bu sahələrdə su damcılarının sıxlığı ətraf hissələrdən xeyli yüksəkdir.
Damcıların bir-birinə yaxınlaşması onların toqquşaraq birləşməsi ehtimalını artırır. Nəticədə damcılar böyüyür və ardıcıl toqquşma və birləşmələr yağış damcılarının yaranmasına şərait yarada bilər.
Tədqiqatçılar bu nəticələrə buludların daxilində işləyə bilən xüsusi hava platforması vasitəsilə gəliblər. “CloudKite” adlı sistem lazer və yüksək sürətli kameralardan istifadə edərək su damcılarının ölçüsünü və üçölçülü mövqeyini saniyədə 75 dəfəyə qədər müəyyənləşdirib.
Alimlər təxminən 55 metrlik isti kümülüs buludunun daxili quruluşunu araşdırıb və ölçmələr arasında məsafəni 12 santimetrə qədər azaldıblar. Bu, əvvəlki hava müşahidələri ilə müqayisədə ölçmə sıxlığını təxminən 250 dəfə artırıb.
Tədqiqat yağışın yaranma mexanizmini tam izah etmir. Alimlər indi hava turbulentliyinin bu kiçik su damcısı “bölgələrinin” formalaşmasında hansı rol oynadığını araşdırırlar.