BAKI,VOA, Fərid Mikayılov
İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığında Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumuna görə məsuliyyət daşımalı olduğunu bildirib.
VOA xəbər verir ki, Əraqçi qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin hücuma görə məsuliyyəti etiraf edən açıqlamalarından sonra Kiyevin hadisənin qəsdən törədilmədiyi barədə iddiaları ciddi qəbul edilə bilməz.
İranlı nazir vurğulayıb ki, hücum nəticəsində İran vətəndaşları arasında ölən və yaralananlar olub, həmçinin ticarət gəmisinə ziyan dəyib. Onun sözlərinə görə, Ukrayna bu qanunsuz hərəkətə görə məsuliyyəti üzərinə götürməli və dəymiş zərəri kompensasiya etməlidir.
Əraqçi xatırladıb ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə telefon danışığında Kiyev hadisənin qəsdən baş vermədiyini bildirmişdi. İran tərəfi isə İslam Respublikasının vətəndaşlarına qarşı istənilən hücumun qəbuledilməz olduğunu vurğulayıb.
Məlumata görə, iyulun 25-də Ukraynanın İranın ticarət gəmisinə endirdiyi zərbə nəticəsində partlayış baş verib. Hadisə zamanı ekipaj üzvlərindən biri həlak olub, daha biri isə yaralanıb.