BAKI,VOA
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17A Globemaster III” tipli yük təyyarəsi avqustun 25-də Rusiyanın paytaxtı Moskvadakı Vnukovo hava limanına enib.
“Flightradar24” məlumatına görə, 07-7181 qeydiyyat nömrəli təyyarə səhər saat 08:50-də Latviyanın Riqa hava limanından havaya qalxıb və təxminən 10:04-də Vnukovo yaxınlığında siqnalı itib. Təyyarənin Riqaya isə avqustun 24-də ABŞ-ın Merilend ştatındakı Endryus birgə bazasından gəldiyi bildirilib.
Təyyarənin Moskvaya hansı məqsədlə uçduğu, göyərtəsində kimlərin olduğu və hansı yükü daşıdığı barədə rəsmi məlumat verilməyib.
Kremlin sözçüsü Dmitri Peskov da ABŞ hərbi təyyarəsinin Moskvaya enişi ilə bağlı Kremlin məlumatının olmadığını bildirib.
Təyyarənin Moskvaya gəlişi ABŞ və Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı diplomatik təmasların davam etdiyi bir vaxta təsadüf edir. Lakin hazırda təyyarənin uçuşunun bu danışıqlarla əlaqəsini təsdiqləyən açıq məlumat yoxdur.
Bundan əvvəl Rusiyanın TASS agentliyi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Kiyev və Moskvaya planlaşdırılan səfərinin təxirə salındığını yazmışdı. Səfərin avqustun sonuna qədər baş tutmasının gözlənilmədiyi bildirilsə də, Ağ Ev bu təxirə salınma ilə ABŞ hərbi təyyarəsinin Moskvaya uçuşu arasında əlaqə olduğunu açıqlamayıb.