BAKI,VOA,Yusif Şərifzadə
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Hörmüz boğazının yenidən tam şəkildə açılması ilə bağlı İranla razılaşmanın yaxın iki gün ərzində əldə olunması mümkündür.
VOA xəbər verir ki, Bessent bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, Vaşinqton və Tehran arasında danışıqlar davam edir və tərəflər Hörmüz boğazının açılması, eləcə də münaqişənin daha sabit mərhələyə keçməsi istiqamətində razılığa yaxınlaşırlar.
"İranlılarla danışıqlar aparırıq və hesab edirəm ki, bu gün və ya sabah boğazın açılması və münaqişədə vəziyyətin normallaşmasına doğru irəliləmək üçün razılaşma əldə etmək şansımız var", – deyə Bessent bildirib.
Müsahibə zamanı İranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş almasına icazə verilib-verilməyəcəyi ilə bağlı suala cavab olaraq ABŞ-nin maliyyə naziri bildirib ki, mümkün razılaşma boğazda sərbəst gəmiçiliyi təmin edəcək.
Onun sözlərinə görə, son günlər vəziyyət müəyyən qədər gərgin olsa da, artıq Hörmüz boğazından çoxlu sayda gəminin hərəkət etdiyi müşahidə olunur.