BAKI,VOA,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
VOA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər əvvəlcə Qətər və Rusiya arasında əməkdaşlıq münasibətlərini, eləcə də bu əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
Telefon danışığı zamanı Yaxın Şərqdə baş verən son hadisələr, gərginliyin azaldılması istiqamətində aparılan diplomatik səylər və regional təhlükəsizliyin təmin olunması üçün birgə koordinasiya məsələləri də gündəmdə olub.
Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani bütün tərəfləri dialoq və diplomatiyaya sadiq qalmağa çağırıb. O, həmçinin ABŞ ilə İran arasında imzalanmış Anlaşma Memorandumunun, o cümlədən Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə dair müddəaların icrasının vacibliyini vurğulayıb.
Qətər Xarici İşlər Nazirliyi əlavə edib ki, rəsmi Doha regionda gərginliyin azaldılması və davamlı sülhə nail olunmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək.