BAKI,VOA, Fərid Mikayılov
İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyi ilə bağlı yayılan iddiaları təkzib edərək vəzifəsini icra etməyə davam edəcəyini bildirib.
VOA xəbər verir ki, Pezeşkian xalqa müraciətində istefa xəbərlərinin həqiqəti əks etdirmədiyini deyib.
"Əgər istefa versəm, bunu açıq şəkildə elan edərəm. İstefa etməyəcəyəm, mübarizə aparacağam", – deyə o vurğulayıb.
Pezeşkian, həmçinin İranın ali dini lideri Müctəba Xamenei və Silahlı Qüvvələrlə fikir ayrılığı yaşadığı barədə iddiaları da rədd edib.
Onun sözlərinə görə, Silahlı Qüvvələrlə tam koordinasiya şəraitində fəaliyyət göstərir və aralarında hər hansı ziddiyyət yoxdur.
İran prezidenti bildirib ki, bəzi dairələr ali dini liderlə prezident arasında qarşıdurma görüntüsü yaratmağa çalışırlar, lakin bu iddialar həqiqəti əks etdirmir.
Məlumata görə, Pezeşkianın xalqa videomüraciəti dörd hissə şəklində yayımlanacaq.
Qeyd edək ki, bundan əvvəl İran hakimiyyətinə müxalif bəzi media orqanları Pezeşkianın bir neçə dəfə istefa ərizəsini ali dini liderə təqdim etdiyi barədə iddialar yaymışdı.