BAKI,VOA,Yusif Şərifzadə
ABŞ İranın "Mahan Air" aviaşirkətinə dəstək göstərən beynəlxalq şəbəkələri hədəf alan yeni sanksiyalar paketi elan edib.
VOA xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, sanksiyalar Çin, Hindistan, Rusiya və İranda fəaliyyət göstərən altı hüquqi və fiziki şəxsə şamil olunub. Onların arasında ABŞ və Avropa İttifaqının sanksiyaları altında olan "Mahan Air" üçün satış agenti kimi fəaliyyət göstərən bir neçə şirkət də var.
Vaşinqton bildirir ki, "Mahan Air" İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) şəxsi heyətinin, silahların və pilotsuz uçuş aparatlarının daşınmasında istifadə olunur.
Maliyyə Nazirliyi həmçinin SEPAH-la əlaqəli olduğu bildirilən və İranın müharibə dövründə həyata keçirdiyi hərbi əməliyyatlara dəstək göstərdiyi iddia olunan bir şirkəti də sanksiya siyahısına daxil edib.
Sanksiyalar Misirin Aralıq dənizi sahilində yerləşən Damietta limanında qaz daşıyan gəmilərə pilotsuz uçuş aparatı ilə hücum edilməsi fonunda elan olunub. Bu hadisə Süveyş kanalında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, yeni tədbirlər İranın regionda sabitliyi pozan fəaliyyətlərini dəstəkləyən maliyyə və logistika şəbəkələrinin fəaliyyətini zəiflətməyə yönəlib.