BAKI,VOA,Yusif Şərifzadə
OpenAI şirkəti aşağı və orta səviyyəli süni intellekt modellərinin qiymətlərini əhəmiyyətli dərəcədə azaldıb. Şirkət bu addımı müəssisələrin süni intellekt xərclərinə daha həssas yanaşdığı və bazarda rəqabətin gücləndiyi bir dövrdə atıb.
VOA xəbər verir ki, OpenAI kiçik həcmli GPT-5.6 Luna modelinin qiymətini 80 faiz, orta səviyyəli GPT-5.6 Terra modelinin qiymətini isə 20 faiz endirib. Şirkətin ən güclü və flaqman modeli olan GPT-5.6 Sol üçün isə qiymətlər dəyişdirilməyib.
Məlumata görə, qiymət endirimi şirkətlərin süni intellekt xidmətlərinə çəkdiyi xərclərin sürətlə artması fonunda həyata keçirilib. Bir sıra texnologiya şirkətlərinin rəhbərləri son aylarda daha münasib qiymətli süni intellekt həllərinin texnologiyanın geniş tətbiqi üçün vacib olduğunu bildiriblər.
Analitiklər hesab edirlər ki, OpenAI-nin yeni qiymət siyasəti xüsusilə korporativ müştərilər və proqram təminatı hazırlayanlar arasında geniş istifadə olunan Anthropic şirkətinin Claude modelləri üçün rəqabəti daha da gücləndirəcək.
Eyni zamanda, ABŞ şirkətləri daha aşağı qiymətə oxşar performans təklif edən Çin mənşəli açıq mənbəli modellərlə, o cümlədən Z.ai şirkətinin GLM-5.2 modeli ilə rəqabət aparırlar.
Ekspertlərin fikrincə, qiymətlərin aşağı salınması OpenAI və Anthropic məhsullarına tələbatı artıra bilər. Bununla yanaşı, bu strategiyanın gələcəkdə səhmlərin ilkin kütləvi təklifinə hazırlaşan şirkətlərin maliyyə göstəricilərinə təsir edə biləcəyi də istisna edilmir.