BAKI,VOA Orxan Qədirzadə
Yəməndə hökumətdə aparılan dəyişikliklər çərçivəsində ölkə tarixində ilk dəfə qadın xarici işlər naziri vəzifəsinə təyinat həyata keçirilib.
Yəmənin rəsmi SABA xəbər agentliyinin yaydığı məlumata görə, Prezident fərmanı ilə Baş nazir Şai Möhsin əz-Zindaninin rəhbərlik etdiyi hökumətin tərkibində dəyişiklik edilib.
Fərmana əsasən, Əfrah Əbdüləziz əz-Zubə Yəmənin tarixində ilk qadın xarici işlər naziri təyin olunub.
Nazirlər Kabinetində aparılan dəyişikliklər çərçivəsində Bədr Məhəmməd Mübarək Basəlmə Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq naziri, Əhd Məhəmməd Salim Casus isə Yerli İdarəetmə naziri vəzifəsinə gətirilib.
Qeyd edək ki, 2026-cı il fevralın 6-da formalaşdırılan Şai Möhsin əz-Zindani hökumətində 35 nazir təmsil olunur və onlardan üçü qadındır.
Şai Möhsin əz-Zindani indiyədək həm baş nazir, həm də xarici işlər naziri vəzifələrini paralel icra edirdi.
Yeni xarici işlər naziri təyin edilən Əfrah Əbdüləziz əz-Zubə isə bundan əvvəl Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq naziri vəzifəsində çalışıb.
Bu təyinat Yəmənin dövlət idarəçiliyi tarixində qadınların yüksək dövlət vəzifələrində təmsilçiliyinin genişlənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.