BAKI,VOA,Yusif Şərifzadə
Oman sultanı Heysəm bin Tariq oktyabrın 20-dən 22-dək Böyük Britaniyada üçgünlük dövlət səfərində olacaq. Səfər Hörmüz boğazının cənub sahilinə nəzarət edən Omanın ABŞ və İran arasında artan təzyiqlərlə üzləşdiyi bir dövrə təsadüf edir.
VOA xəbər verir ki, Bukingem Sarayının açıqlamasına əsasən, Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Sultan Heysəm bin Tariqi Vindzor qəsrində qəbul edəcəklər. Səfərin daha ətraflı proqramı hələlik açıqlanmayıb.
Böyük Britaniyada dövlət səfərləri adətən yüksək səviyyəli rəsmi mərasimlərlə müşayiət olunur. Belə səfərlər zamanı dövlət başçıları üçün rəsmi qarşılanma mərasimi, hərbi fəxri qarovul və kralın ev sahibliyi etdiyi dövlət ziyafəti təşkil edilir.
Səfər çərçivəsində Oman sultanının Böyük Britaniyanın yüksək vəzifəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi də gözlənilir.
Heysəm bin Tariqin səfəri Hörmüz boğazı ətrafında gərginliyin davam etdiyi bir vaxta təsadüf edir. Oman boğazın cənub sahilinə nəzarət etməsi və ABŞ ilə İran arasında vasitəçilik imkanlarına malik olması səbəbindən bölgədə mühüm mövqeyə sahibdir.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp ötən ay Omanın İranla Hörmüz boğazından gəmi keçidlərinin idarə olunmasına dair razılaşmaya yaxınlaşması fonunda Maskata qarşı hərbi zərbə endirilməsi ilə hədələmişdi.
Hörmüz boğazı Yaxın Şərqdə müharibə başlamazdan əvvəl dünya üzrə neft və təbii qaz daşımalarının təxminən 20 faizinin keçdiyi əsas dəniz yollarından biri idi. Buna görə də boğazın təhlükəsizliyi Oman da daxil olmaqla bölgə ölkələri üçün mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.