BAKI,VOA,Yusif Şərifzadə
Küveyt Xarici İşlər Nazirliyi İranın ölkəyə qarşı təkrar hücumlarını kəskin şəkildə pisləyib. Nazirlik son hücumun cümə axşamı səhər saatlarından əvvəl həyata keçirildiyini bildirərək bu addımları ölkənin suverenliyinin açıq şəkildə pozulması, təhlükəsizlik və sabitliyə birbaşa təhdid kimi qiymətləndirib.
VOA xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyinin bəyanatında hücumların ölkə vətəndaşlarının və Küveytdə yaşayan əcnəbilərin təhlükəsizliyini hədəfə aldığı bildirilib. Nazirlik baş verənləri beynəlxalq hüququn ciddi şəkildə pozulması adlandırıb.
Küveyt tərəfi İranın təkrar hücumlarının “düşmən yanaşmasını” əks etdirdiyini və bölgənin təhlükəsizliyi ilə sabitliyini təhdid edən təhlükəli gərginliyə səbəb olduğunu vurğulayıb.
Bəyanatda bildirilib ki, hücumların davam etdirilməsi bölgədə gərginliyin azaldılması və sabitliyin təmin olunması məqsədilə aparılan diplomatik səylərə də ciddi zərbə vurur.
Küveyt Xarici İşlər Nazirliyi ölkənin öz suverenliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını xüsusi vurğulayıb.
Nazirlik, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsi, ərazilərinin, mühüm obyektlərinin və infrastrukturunun istənilən hücum və təhdiddən qorunması üçün lazımi addımların atıla biləcəyini bildirib.
Küveytin son açıqlaması İranın hücumlarının davam etməsi fonunda Tehranla münasibətlərdə gərginliyin daha da artdığına işarə edir.