BAKI,VOA,Yusif Şərifzadə
Qətərin Həməd bin Xəlifə Universitetinin dövlət siyasəti üzrə professoru Sultan Bərəkət hesab edir ki, İran ABŞ-də keçiriləcək aralıq seçkilərinin nəticələrinin Vaşinqtonun Tehrana münasibətini dəyişdirəcəyinə ümid edir. Ekspertin fikrincə, qarşıdurmanın uzanmasının iqtisadi nəticələrindən isə ən çox Körfəz ölkələri zərər çəkir.
VOA xəbər verir ki, Sultan Bərəkət “Əl-Cəzirə”yə açıqlamasında İranın hazırda ABŞ-də aralıq seçkilərinin nəticəsini gözlədiyini bildirib. Onun fikrincə, seçkilərin nəticəsi Donald Trampın istədiyi kimi olmasa, Vaşinqtonun İranla bağlı siyasətində ciddi dəyişikliklər baş verə bilər.
Bərəkət hesab edir ki, seçkilərdə Demokratlar Partiyasının mövqelərinin güclənməsi müharibənin dayandırılması və İranla danışıqlara qayıdılması istiqamətində təzyiqi artıra bilər. O, hətta yaranacaq siyasi şəraitdən asılı olaraq Trampın vəzifədən uzaqlaşdırılması məsələsinin gündəmə gələ biləcəyini ehtimal edib.
Professor İranın bu yanaşmasını böyük siyasi risk adlandırıb. Onun sözlərinə görə, Tehran ABŞ-də daxili siyasi vəziyyətin dəyişəcəyinə ümid etməklə ciddi riskə gedir.
Bərəkət bildirib ki, Tramp mövcud şəraitdə əvvəllər gözlənilməyən və ya həyata keçirilməsi az ehtimal olunan addımlar ata bilər. Buna görə də ABŞ seçkilərinin nəticəsini gözləmək İran üçün təhlükəli nəticələr doğura bilər.
Ekspert qarşıdurmanın əsas zərərçəkənlərinin isə Körfəz ölkələri olduğunu düşünür. Onun fikrincə, bölgə dövlətləri artıq altı aydan çoxdur davam edən iqtisadi təzyiqin nəticələri ilə üzləşirlər.
Bərəkət Körfəz ölkələrinin mövcud böhranın həlli üçün İranla birbaşa danışıqlara başlamaq istiqamətində hələ də vahid mövqe ortaya qoymadığını bildirib. Ekspertin fikrincə, qarşıdurmanın uzanması bölgə dövlətlərinin iqtisadi yükünü daha da ağırlaşdıra bilər.