BAKI,VOA,Vüsalə Əzimzadə
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qırmızı dənizin təhlükəsizliyinin təmin edilməsinin bu dənizə sahili olan dövlətlərin müstəsna məsuliyyəti olduğunu bildirib.
Bu barədə VOA məlumat verir.
Sisi İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşündə Qırmızı dənizin sabitliyinin pozulmasına, eləcə də onun hərbiləşdirilməsinə və beynəlmiləlləşdirilməsinə yönəlmiş cəhdlərin yolverilməz olduğunu vurğulayıb.
Misir Prezidenti beynəlxalq dəniz dəhlizlərində naviqasiya azadlığının təmin edilməsinin vacibliyini qeyd edib və Qırmızı dənizin Misirin milli təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.
Görüşdə Misir-İtaliya arasında enerji, təhsil, dəniz nəqliyyatı, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın inkişafı, həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunub.
Tərəflər Yaxın Şərqdə gərginliyin azaldılması və İranla müharibənin regionun təhlükəsizliyinə təsirlərinin qarşısının alınması istiqamətində səyləri də nəzərdən keçiriblər.