BAKI,VOA,Vüsalə Əzimzadə
“İslam Hərbi Alyansı” və Böyük Britaniya terrorizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsini müzakirə edib.
Bu barədə VOA Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadən məlumat verir. Görüş Londonda Böyük Britaniya Müdafiə Nazirliyində “İslam Hərbi Alyansı”nın baş katibi, general-mayor Məhəmməd əl-Müğeydi ilə Britaniyanın Yaxın Şərq üzrə müdafiə məsələləri üzrə baş müşaviri, general-leytenant Edvard Alqrin arasında keçirilib.
Tərəflər terrorizm və ekstremizmlə mübarizə səyləri, təcrübə mübadiləsi və alyansa üzv ölkələrin imkanlarının artırılması məsələlərini nəzərdən keçiriblər.
Alqrin “İslam Hərbi Alyansı”nın terrorizm və ekstremizmlə mübarizədə üzv ölkələrə dəstək istiqamətində fəaliyyətini yüksək qiymətləndirib və Böyük Britaniyanın alyansla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Əl-Müğeydi isə terrorizmlə mübarizənin davamlı beynəlxalq əməkdaşlıq tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə ideoloji, media və hərbi səylərin birləşdirilməsi, eləcə də terrorizmin maliyyə mənbələrinin qurudulması vacibdir.