BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla yenidən başlayan hərbi qarşıdurmanın uzun müddət davam edəcəyini düşünmədiyini bildirib. O, eyni zamanda, ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini iddia edib.
VOA xəbər verir ki, Donald Tramp çərşənbə günü tərəflər arasında baş verən yeni toqquşmalardan sonra keçirdiyi mətbuat konfransında İranla döyüşlərin “çox uzun” çəkməyəcəyini düşündüyünü deyib.
ABŞ Prezidenti Vaşinqtonun hazırda Hörmüz boğazına nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, hər gün çoxlu sayda gəminin boğazdan çıxmasına şərait yaradılır və həmin gəmilər milyonlarla barrel neft daşıyır.
Tramp gəmi keçidlərinin böyük hissəsinin ciddi çətinlik olmadan həyata keçirildiyini iddia edib.
ABŞ Prezidenti İran tərəfinin vaxtaşırı pilotsuz uçuş aparatlarından istifadə etdiyini, ABŞ qüvvələrinin isə onları vurduğunu bildirib.
Tramp ABŞ-nin Hörmüz boğazında güclü nəzarətə malik olduğunu bir daha vurğulayıb. İran tərəfinin ABŞ-nin boğaza nəzarət etməsi barədə bu iddiaya münasibəti təqdim olunan məlumatda yer almayıb.
Trampın açıqlaması ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşdiyi və Hörmüz boğazının təhlükəsizliyinin əsas mübahisə mövzularından birinə çevrildiyi vaxtda səsləndirilib.