Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası aralarındakı müharibə fonunda İraq üzərindəki təzyiq rıçaqlarını işə salmaqda davam edirlər. Vaşinqton Bağdad hökuməti ilə əlaqəli bəzi tərəfləri "İran milislərinə maliyyə və əməliyyat dəstəyi verməkdə" ittiham edir, Tehran isə "İraq xalqının müqavimətini və mətanətini" alqışladığını bəyan edir.
İran
İranda aparılan son ictimai rəy sorğusu əhalinin böyük hissəsinin ABŞ-la danışıqlardan çox qarşıdurma xəttini dəstəklədiyini göstərir. Ekspertlər ABŞ prezidenti Donald Trampın son bəyanatlarını “nümayişkaranə və müstəmləkəçi ritorika” kimi qiymətləndirərək bunun İran cəmiyyətində mənfi reaksiyalara səbəb olduğunu bildirir.
Məhəmməd Baqir Qalibaf ABŞ-ın Hürmüz boğazı ətrafında həyata keçirdiyi addımlara sərt reaksiya verərək “təhdid kölgəsi altında danışıqları qəbul etmədiklərini” bəyan edib. Eyni zamanda, atəşkəsin müddəti ilə bağlı yeni detallar açıqlanıb. Məlumata görə, tərəflər arasında əldə olunmuş müvəqqəti razılaşmanın aprelin 22-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 20:00-da başa çatacağı gözlənilir. Bu isə İran vaxtı ilə aprelin 23-ü səhər saatlarına təsadüf edir.
İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun “Toska” gəmisinə hücum etdiyini bildirərək kəskin etirazını açıqlayıb. İran XİN-in yaydığı bəyanatda ABŞ hərbçilərinin İran bayrağı altında üzən “Toska” gəmisinə hücum etdiyi və ekipaj üzvlərini saxladığı iddia olunur.
ABŞ-ın İran ətrafında genişmiqyaslı hərbi mövcudluğu və paralel informasiya fəaliyyəti regionda gərginliyi yeni mərhələyə keçirir. Məlumata görə, ABŞ hərbi qüvvələrinin Ərəb dənizi, Oman körfəzi və Hörmüz boğazında aktiv fəaliyyəti müşahidə olunur. Regionda aviadaşıyıcı gəmilər, raket esminesləri, desant gəmiləri və helikopterlərdən ibarət kompleks əməliyyat sistemi qurulub. Bu hərbi mövcudluq yalnız fiziki nəzarət deyil, həm də psixoloji təsir vasitəsi kimi qiymətləndirilir.
ABŞ-ın İrana qarşı başlatdığı “Epik qəzəb” adlı hərbi əməliyyatdan sonra yaranan yeni reallıqda Çin birbaşa hərbi müdaxilədən yayınsa da, dolayı yolla münaqişənin gedişinə ciddi təsir göstərən əsas oyunçulardan birinə çevrilib. Xüsusilə kosmik müşahidə və peyk texnologiyaları Pekinin bu müharibədə “görünməyən güc” kimi çıxış etdiyini göstərir.
ABŞ-ın nüfuzlu "Washington Post" qəzeti Pakistanın yüksək rütbəli rəsmisinə istinadən xəbər verir ki, rəsmi İslamabad ABŞ Prezidenti Donald Trampa xüsusi mesajlar ünvanlayıb. Mesajlarda prezidentin İranla bağlı çıxışlarında istifadə etdiyi kəskin ritorika barədə xəbərdarlıq edilib.
VOA xəbər verir ki, BƏƏ Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı rəsmi bəyanatda bildirilir ki, aparılan araşdırmalar nəticəsində təşkilat üzvlərinin xarici qüvvələrlə, xüsusən də İran rejimi ilə birbaşa əlaqələri üzə çıxıb. Məlumata görə, təşkilatın üzvləri daxili təhlükəsizliyi təhdid edən ekstremist ideologiyaları mənimsəyiblər və gizli, koordinasiyalı görüşlər vasitəsilə yeni üzvlərin cəlb edilməsi (rekrutinq) fəaliyyəti ilə məşğul olublar.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabından yaydığı bəyanatda bildirib ki, İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində aprelin 13-dən bu yana ümumilikdə 27 gəmiyə müdaxilə olunub. Məlumata görə, ABŞ hərbi dəniz qüvvələri həmin gəmilərə ya hərəkət istiqamətini dəyişmək, ya da geri dönərək hər hansı bir İran limanına lövbər salmaq barədə göstəriş verib.
İranın yarı rəsmi "Tasnim" xəbər agentliyinin yaydığı məlumata görə, Tehranın Pakistanda keçiriləcək müzakirələrdə iştirak etməmək barədə qəbul etdiyi ilkin qərarda hazırkı vaxta qədər heç bir dəyişiklik baş verməyib. Xəbərdə vurğulanır ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin (JD Vance) İslamabaddakı görüşlərə qatılacağı ilə bağlı yayılan məlumatlar belə, İranın prinsipial mövqeyini dəyişdirmək üçün yetərli olmayıb.
Pakistan rəhbərliyi ABŞ və İran arasında vasitəçilik missiyasını xilas etmək üçün son 24 saat ərzində diplomatik səylərini maksimum həddə çatdırıb. Məqsəd danışıqların planlaşdırıldığı kimi sabah, çərşənbə axşamı bərpa olunmasını təmin etməkdir. İslamabad həm Vaşinqton, həm də Tehran ilə təmaslarını intensivləşdirib. Pakistan tərəfi danışıqlar masasının dağılmaması üçün tərəflər arasında sabir diplomatiya həyata keçirir. "Reuters" agentliyi Pakistanın təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, Pakistan Ordu Komandanı, general Asim Münir ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. General Münir Trampa bildirib ki, Hörmüz boğazının mühasirədə qalması danışıqların qarşısında duran ən böyük maneədir. Mənbənin bildirdiyinə görə, Donald Tramp bu məsələyə yenidən baxacağına dair vəd verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ı atəşkəs razılaşmasını pozmaqda ittiham edib və Vaşinqtonla yeni danışıqlara qayıdışla bağlı hələ qərar verilmədiyini bildirib.