BAKI,VOA
ABŞ Suriyanı 47 ildən sonra terroru dəstəkləyən ölkələr siyahısından çıxarıb. Bununla da Vaşinqtonun bu siyahısında İran, Şimali Koreya və Kuba olmaqla üç ölkə qalıb.
Siyahının ən uzunmüddətli üzvü İrandır. Vaşinqton Tehranın regional silahlı qruplara dəstəyini əsas gətirərək İranı 19 yanvar 1984-cü ildə siyahıya daxil edib.
ABŞ daha sonra İranı Yaxın Şərqdəki hücumların maliyyələşdirilməsi və təşkilində ittiham edib. 2019-cu ildə isə Donald Tramp administrasiyası İran İnqilab Keşikçiləri Korpusunu ayrıca “xarici terror təşkilatı” kimi tanıyıb.
Şimali Koreya ABŞ-ın siyahısına ilk dəfə 1988-ci ildə, Cənubi Koreyaya məxsus sərnişin təyyarəsinin partladılması ilə bağlı ittihamlardan sonra daxil edilib. Ölkə 2008-ci ildə siyahıdan çıxarılsa da, 2017-ci ildə yenidən siyahıya salınıb.
ABŞ siyahısında qalan üçüncü ölkə Kubadır. Havana ilk dəfə 1982-ci ildə siyahıya daxil edilib, 2015-ci ildə Barak Obama administrasiyası dövründə çıxarılıb, 2021-ci ildə isə yenidən siyahıya salınıb.
Kuba ilə bağlı ikinci qərarın əsas səbəblərindən biri Kolumbiyanın Milli Azadlıq Ordusunun nümayəndələrinin Havanada qalması və ABŞ-ın onları təhvil vermək tələbinin yerinə yetirilməməsi olub.
ABŞ-ın “terroru dəstəkləyən ölkələr” siyahısına daxil edilmə iqtisadi və diplomatik məhdudiyyətlərlə nəticələnir. Bu status xarici yardımlara, silah ixracına, ikili təyinatlı məhsul və texnologiyalara, eləcə də maliyyə əlaqələrinə ciddi məhdudiyyətlər yaradır.
Suriyanın siyahıdan çıxarılması isə bu statusun dəyişməsinin mümkün olduğunu göstərib və digər ölkələrin gələcəkdə siyahıdan çıxarılması məsələsini yenidən gündəmə gətirib.