BAKI,VOA,Yusif Şərifzadə
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bildirib ki, Tehranın hazırda ABŞ ilə birbaşa danışıqlar aparmaq planı yoxdur. Bununla yanaşı, o, Omanın vasitəçiliyi ilə aparılan təmasların mərhələli şəkildə davam etdiyini açıqlayıb.
VOA xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, Kazem Qəribabadi ABŞ-nin istədiyi vaxt hərbi əməliyyatlara başlayıb, daha sonra danışıqlar masasına qayıtmasını qəbul etmədiklərini bildirib. Onun sözlərinə görə, "ABŞ-ni istədiyi zaman döyüşüb, istədiyi zaman danışıqlar aparmağa alışdırmamalıyıq".
Qəribabadi iddia edib ki, münaqişənin dayandırılması üçün mesaj göndərən tərəf məhz Vaşinqton olub. Lakin o, bu iddiasını təsdiqləyən hər hansı sübut təqdim etməyib.
İran rəsmisi bir daha vurğulayıb ki, Tehran Hörmüz boğazında Oman sahillərinə yaxın cənub gəmiçilik marşrutunu tanımayacaq. O əlavə edib ki, boğazda minaların təmizlənməsi ilə bağlı bütün işlər yalnız İranın səlahiyyətindədir.
ABŞ tərəfi Qəribabadinin açıqlamalarına və Vaşinqtonun münaqişənin dayandırılması üçün mesaj göndərdiyi barədə iddiaya hələlik rəsmi münasibət bildirməyib.