BAKI,VOA Orxan Qədirzadə
İranın ABŞ tərəfindən İraqın Baş naziri Əli Zeydi vasitəsilə göndərildiyi bildirilən atəşkəs təklifini qəbul etmədiyi iddia olunur.
Bu barədə The New York Times qəzeti İran və İraq rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və İran arasında davam edən hərbi gərginlik fonunda İraqın Baş naziri Əli Zeydi Tehrana son səfəri zamanı Vaşinqtonun hazırladığı atəşkəs təklifini İran rəhbərliyinə təqdim edib.
Qəzetin yazdığına görə, İran rəsmiləri Hörmüz boğazının yekun statusu ilə bağlı məsələyə həll gətirməyən "müvəqqəti razılaşma" ilə maraqlanmadıqlarını bildirərək təklifi rədd ediblər.
Mənbələrin məlumatına əsasən, ABŞ-ın irəli sürdüyü təklifin detalları hələlik açıqlanmayıb.
Əli Zeydi ötən gün diplomatik təmaslar aparmaq məqsədilə Tehrana səfər edib. O, Sadabad sarayında İran Prezidenti Məsud Pezeşkian tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Səfər çərçivəsində İran və İraq nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Daha sonra Əli Zeydi və Məsud Pezeşkian müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan saziş və anlaşma memorandumlarının imzalanması mərasimində iştirak ediblər.
Hələlik nə Vaşinqton, nə də Tehran The New York Times-ın məlumatı ilə bağlı rəsmi açıqlama verməyib.