BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına İranla bağlı münaqişə fonunda hava nəqliyyatında yarana biləcək fasilələrə hazır olmaları barədə xəbərdarlıq edib.
VOA xəbər verir ki, Dövlət Departamentinin yaydığı tövsiyədə ABŞ vətəndaşlarına mümkün uçuş ləğvləri, marşrut dəyişiklikləri və digər hava nəqliyyatı məhdudiyyətləri səbəbindən fövqəladə səyahət planları hazırlamaları tövsiyə olunub.
Qurum bildirib ki, bölgədə təhlükəsizlik vəziyyətinin dəyişməsi beynəlxalq və regional aviareyslərin fəaliyyətinə təsir göstərə bilər. Bu səbəbdən ABŞ vətəndaşlarına alternativ marşrutları nəzərdən keçirmək və rəsmi məlumatları mütəmadi izləmək tövsiyə edilib.
Xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın İrana qarşı "böyükmiqyaslı hücum" ehtimalını nəzərdən keçirdiyini bildirməsindən sonra verilib.
Tramp daha əvvəl verdiyi açıqlamada İrana qarşı yeni hərbi əməliyyatın mümkünlüyünü istisna etmədiyini və qərarın hələ yekunlaşdırılmadığını söyləmişdi.
ABŞ Dövlət Departamenti isə öz tövsiyəsində hərbi əməliyyatlarla bağlı əlavə məlumat verməyərək yalnız bölgədəki nəqliyyat və təhlükəsizlik riskləri ilə əlaqədar ehtiyatlı davranmağın vacibliyini vurğulayıb.