BAKI,VOA, Fərid Mikayılov
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində yerləşən ABŞ hərbi kontingentinə və infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.
VOA xəbər verir ki, SEPAH-ın rəsmi bəyanatında ABŞ ordusunun strateji obyektlərinin dəqiqliklə vurulduğu iddia olunur.
Əməliyyat çərçivəsində Küveytdəki Əli əs-Salim Hava Üssündəki hərbi texnika anbarı, "Patriot" hava hücumundan müdafiə sistemi və MQ-9 tipli zərbə PUA-larının saxlandığı hangar sıradan çıxarılıb. Həmçinin, Əl-Udeyri Kampında ABŞ hərbçilərinin yerləşdiyi şəxsi heyət zonası və iki helikopter hangarı hədəf alınıb.
Bəyanatda həmçinin ABŞ hərbi qulluqçuları arasında itkilərin olduğu və çoxlu sayda helikopter və PUA-nın zərər gördüyü bildirilib.
SEPAH, əməliyyatın ABŞ-ın İran ərazisində telekommunikasiya obyektlərinə təşkil etdiyi iddia olunan hücumlara cavab xarakteri daşıdığını açıqlayıb və bir telekommunikasiya qülləsinin də darmadağın edildiyini bildirib.
ABŞ və Küveyt rəsmiləri tərəfindən itkilər və dəyən zərər barədə hələlik rəsmi açıqlama verilməyib. Regionda hərbi gərginliyin yüksək səviyyədə davam etdiyi vurğulanır.