BAKI,VOA,Yusif Şərifzadə
İran Silahlı Qüvvələri ABŞ-nin intensiv hücumlarına baxmayaraq, ölkənin raket və hücum pilotsuz uçuş aparatları istehsalını davam etdirdiyini bildirib.
VOA xəbər verir ki, İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçı müharibə başlayandan bəri raket arsenalının genişləndirildiyini və istehsalın ABŞ-İsrail qarşıdurmasının bütün mərhələlərində davam etdiyini deyib.
Dövlətə məxsus “Press TV” kanalının məlumatına görə, Şikarçı İslamabad memorandumunun qüvvədə olduğu dövrdə də raket və hücum pilotsuz uçuş aparatlarının hazırlanmasının dayandırılmadığını bildirib.
Onun sözlərinə görə, istehsal olunan raketlərin bir hissəsi birbaşa əməliyyatlarda istifadə edilir, eyni zamanda ölkənin mövcud ehtiyatları yenidən doldurulur.
İran rəsmisi iddia edib ki, ABŞ genişmiqyaslı kəşfiyyat fəaliyyətinə baxmayaraq, ölkə ərazisində yerləşən müxtəlif raket istehsalı məntəqələrini müəyyən edə bilməyib.
Məlumatda, həmçinin İranın ABŞ hücumlarına Vaşinqton administrasiyasının gözlədiyindən daha uzun müddət müqavimət göstərdiyi qeyd olunub. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin may ayında verdiyi qiymətləndirməyə əsasən, Tehran müharibədən əvvəlki raket ehtiyatlarının təxminən 70 faizini qoruyub saxlamışdı.
İran istehsalı olan silahların, xüsusilə pilotsuz uçuş aparatlarının nisbətən ucuz başa gəldiyi, lakin onların havada zərərsizləşdirilməsinin ABŞ-yə milyonlarla dollara başa gələ biləcəyi bildirilir.