BAKI,VOA Orxan Qədirzadə
ABŞ və Səudiyyə Ərəbistanı dinc məqsədlərlə nüvə enerjisindən istifadə sahəsində əməkdaşlığa dair saziş imzalayıblar. Saziş iki ölkə arasında enerji və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin yaydığı məlumata görə, ABŞ-ın digər dövlətlərlə nüvə əməkdaşlığı həyata keçirməsi üçün tələb olunan "123 sazişi" çərçivəsində sənədi Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman və ABŞ-ın energetika naziri Kris Rayt imzalayıblar. Eyni zamanda tərəflər arasında ikitərəfli nüvə təminatları haqqında saziş də rəsmiləşdirilib.
Nazirlik bildirib ki, yeni razılaşma iki ölkə arasında mövcud strateji tərəfdaşlığın davamı olmaqla, enerji və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək.
Məlumata əsasən, saziş çərçivəsində tərəflər təcrübə, bilik və texnologiya mübadiləsini genişləndirəcək, eyni zamanda nüvə təhlükəsizliyi, nüvə mühafizəsi və nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində beynəlxalq standartların tətbiqinə töhfə verəcəklər.
Səudiyyə Ərəbistanı Energetika Nazirliyi qeyd edib ki, sənəd ötən ilin noyabrında vəliəhd şahzadə Məhəmməd bin Salmanın ABŞ-a səfəri zamanı dinc məqsədli nüvə enerjisi üzrə aparılan ikitərəfli danışıqların uğurla başa çatdığının elan edilməsinin davamı kimi qiymətləndirilir.
ABŞ-ın energetika naziri Kris Rayt isə bildirib ki, imzalanan razılaşmalar Vaşinqton və Riyadın iqtisadi əməkdaşlığın inkişafı, hər iki ölkənin rifahının artırılması və müttəfiqlərin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ortaq öhdəliyini əks etdirir.